Gəncənin icra başçısı şəhid anasına görə ittiham olunur - Vüsalə Məmmədova niyə intihar yolunu seçib?
Dünən Gəncə şəhərində şəhid anası Vüsalə Məmmədovanın intihara cəhd etməsi hadisəsinə mətbuatda çoxsaylı məlumatlar yayılmaqdadır.
Missiya.Az xəbər verir ki, diqqətçəkən məqalələrdən biri "bakupost.az" saytında dərc olunub.
Sözügedən məqaləni diqqətinizə olduğu kimi təqdim edirik:
Dünən mətbuatda yayılan Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Vüsalə Məmmədovanın intihar məqsədi ilə çoxlu dərman içməsi, təcili xəstəxanaya yerləşdirilməsi xəbəri sarsıdıcı idi: Övladını itirməsi ilə sözlə ifadə oluna bilməyəcək qədər ağır sarsıntılar keçirmiş bir adamın həm də maddi çətinliklə üzləşməsi, üstəlik aidiyyəti qurumların qapısında saxlanılması, heç bir diqqət görməməsi, sonda da canına qəsd etməsi...
Bilirik ki, bəzən belə xəbərlərdən şou da düzəldirlər, bəzən sui-istifadə halları da baş verir... Dövlət qurumlarının qısa müddətdə şəhid ailələrinin bütün problemini həll etmək imkanının olmadığını da başa düşürük. Ona görə də bu xəbərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlama bir az inandırıcı gəldi.
Düşündük ki, kimsə məsələni bir az şişirdib, cəmiyyətimizin bu cür xəbərlərə həssas yanaşmasından istifadə edib. Amma bir az sonra Baku.tv-nin hazırladığı material İcra Hakimiyyətinin nəinki şəhid ailəsinə biganə münasibətini, hətta ona qarşı hörmətsiz davranmasını, icra başçısının bütün milləti, hökuməti aldatmasını, hələ bu azmış kimi mətbuatın yalan xəbər yazmasını deməklə, media nümayəndələrinə böhtan atmasını üzə çıxardı.
Gəlin diqqət edək:
İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilir:
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.
Amma Baku.tv-nin yaydığı görüntülərdən isə aydın olur:
Şəhid anası Niyazi Bayramova heç bir minnətdarlıq etmir. Əksinə, açıq şəkildə bildirir ki, onunla heç kim maraqlanmayıb. Öz problemlərini demək üçün icra başçısının qəbuluna dəfələrlə getsə də, onu içəri buraxmayıblar. Video süjetdən görünür ki, şəhid anası bunu Niyazi Bayramovun üzünə deyir. Üstəlik qəbula gələndə huşunu itirməyib, özünü öldürmək məqsədilə çoxlu dərman içib!
Sual olunur: Niyazi Bayramov bu bir il ərzində şəhid anasını niyə qəbul etməyib? Görəsən, başçının “növbədənkənar qəbul” etdiyi şəxslər kimlərdi? Qəbul etmədiyi adamın problemlərindən necə xəbərdar ola bilər?
Bunlar olmadığı halda necə rəsmi məlumatlarında V. Məmmədovanı qəbul edib onun problemlərinin həlli üçün işlər görüldüyünü yazıblar. Adam intihar etdiyi halda, bunlar xəbərin yalan olduğunu necə rəsmi şəkildə bəyan edə bilərlər?
İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilir:
Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Vüsalə Məmmədovanın anası isə deyir: “Qızımın intihara cəhd etməsi kirayə pulunu ödəyə bilməməsilə bağlıdır. Buna kömək etmirlər, heç olmasa, ona uyğun bir iş versinlər. 6 aydır İcra Hakimiyyətinə ayaq döyür. Hər dəfə də bir bəhanə ilə oradan yola salırlar”.
Fikrimizcə, Gəncə İcra Hakimiyyətinin yaydığı və xeyli saytların tirajladığı bu bəyanatın hər cümləsinin yalan olduğunu göstərməyə ehtiyac yoxdur. Çünki hər şey aydındır.
Baş verən hadisədən sarsılmalı olan, utanmalı olan, hətta normalda istefa verməli olan bir başçı, xəbəri yalanlamağa çalışır, hətta məlumatı tirajlayaları qeyr-peşəkarlıqda suçlayır, onları xəbəri dəqiqləşdirmədən yaymamağı tövsiyə verir.
Öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün faciəyə səbəb olan bir şəxsin, əməllərini ört-basdır etməyə çalışması və bunun üçün başqalarını günahkar çıxarmağa cəhd etməsi, görəsən, hansı əxlaqa sığır?
Sizcə bunun adı nədir: qeyri-peşəkarlıq, yalançılıq, yoxsa qanmazlıq?...
Suala cavabı cəmiyyətin və məsul qurumların öhdəsinə buraxırıq...
İcra hakimiyyətinin yaydığı bəyanat və Baku.TV-nin hazırladığı materialı da təqdim edirik ki, əlavə vaxt sərf edilməsin: