Üz dərisinin hər zaman qulluğa ehtiyacı var. Xüsusilə də qadınlar bu məsələdə daha həssas olurlar. Maskalar üz üçün çox faydalı komponentlər sayılır. Lakin bunlarla bərabər kremlər, serumlar, pilinqlər, toniklərdən istifadə etmək lazımdır. Çünki onlar maskalarla birlikdə daha təsirli nəticə ortaya çıxarırlar. Sadaladığımız vasitələrlə yanaşı, ev üsulu maskalar da üz dərisinin sağlam, gənc qalmasına yardımçı olur.
Evdə hazırlanan maskalarını bir neçəsini araşdırdıq. Onlar aşağıdakılardır:
Nəmləndirici banan maskası - Hazırlanması çox asandır. Yarım bananı əzdikdən sonra 2 çay qaşığı portağal suyu və 2 çay qaşığı qatıqla qarışdırın. Qarışımı üzünüzə çəkib 15 dəqiqə saxlayın. Maskanı ilıq su ilə təmizlədikdən sonra nəmləndirici sürtə bilərsiniz. Dərinizdəki quruluq azaldıqdan sonra həftədə 2, daha sonra 1 dəfə sözügedən maskadan yararlanın.
Dərini nəmləndirən və qidalandıran yumurta maskası - Çox quru olduğu üçün dəriniz solğun, yorğun, xəstə görünürsə, həmin maska sizin üçün idealdır. Bunun üçün 1 yumurta sarısını 1 çay qaşığı bal və 2 çay qaşığı zeytun yağı ilə qarışdırın. Üzünüzə sürtdükdən sonra 15 dəqiqə gözləyin, soyuq su ilə durulayın. Adı çəkilən maska 3-4 dəfə istifadədən sonra dərinizin yumşaq və canlı görünməsini təmin edəcək.
Habelə belə bir üsulu da yoxlayın: Az miqdarda zəncəfili əzin, 1 qaşıq bal ilə qarışdırın. Hazırladığınız maskanı üzünüzə çəkin və 30-45 dəqiqə gözləyib yuyun.
Zərintac Mayisqızı
Missiya.Az