Macarıstan Ukraynaya 50 milyard dollarlıq kreditin ayrılması ilə bağlı yekun qərarı ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər təxirə salmaq qərarına gəlib.
Missiya.Az xəbər verir ki, bunu Macarıstanın maliyyə naziri Mihali Varqa deyib.
“Biz hesab edirik ki, bu məsələ, Rusiyaya qarşı sanksiyaların uzadılması ABŞ seçkilərindən sonra həll edilməlidir. İyun ayında G7 liderləri tərəfindən razılaşdırılan kreditə Rusiya Mərkəzi Bankının Qərbdə dondurulmuş 300 milyard dollarlıq aktivləri xidmət göstərəcək. Avropa İttifaqı krediti dəstəkləmək üçün bu aktivlərin 35 milyard avroya qədərini verməyə hazırdır, qalanı isə ABŞ və G7-nin digər üzvlərindəndir. Eyni zamanda, Vaşinqton Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılması vaxtını nəzərdən keçirməkdə israr edir, onların hər altı aydan üç ilə dəyişdirilməsini təklif edir. Bu, G7 ölkələrinin verməyi planlaşdırdığı kreditin sabit maliyyələşdirilməsini təmin etmək üçün lazımdır. Bu məsələ ilə bağlı qərar G7-nin maliyyə nazirlərinin oktyabrın sonunda Vaşinqtonda keçiriləcək görüşündə müzakirə olunacaq, lakin yekun razılaşmalar yalnız noyabrın 5-də keçiriləcək seçkilərdən sonra əldə olunacaq", - deyə Mihali Varqa əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az