Asiyadan Amerikaya qədər quraqlıq, yanğın və daşqınlar mütəxəssislərin gözlənilən məhsulla bağlı qorxularını gücləndirir. 1 il ərzində məhsuldarlığının daha az olması inflyasiyaya səbəb ola bilər ki, bu da öz növbəsində insanlar üçün xərclərin artmasına, hətta az təminatlıların qidalanmamasına gətirib çıxaracaq. Yaxın gələcəkdə dünyanın ərzaq böhranı ilə üzləşməsi də mümkündür.
Missiya.Az "Bloomberg" qəzetinə istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının qiymət indeksində son bir ayda artım 7 faiz (%) təşkil edib ki, bu da Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən yüksək göstəricidir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində Rusiya-Ukrayna müharibəsinin başlaması ilə dünya ərzaq bazarında kəskin inflyasiya qeydə alınıb. Onu da bildirək ki, "Bloomberg" indeksinə 9 əsas ərzaq məhsulunun qiymət müşahidələri daxildir.
İqtisadçılar deyirlər ki, sözügedən indeks hələ maksimuma çatmasa da, artım var. Bu da Braziliyadan Vyetnam və Avstraliyaya qədər müşahidə edilən təbii fəlakətlərin artması ilə bağlıdır və buna qarşı fermerlər mübarizə aparır.
Ekspertlərin fikrincə, hava şəraitinin dəyişməsi inflyasiyaya gətirib çıxarır, istehsal və tədarük perspektivlərini şübhə altına alır ki, bu da dənli bitkilər, qəhvə, şəkər və digər qidaların qlobal bazarlarında qeyri-müəyyənlik yaradır. Mütəxəssislər ilin əvvəlində ərzaq məhsullarının qiymətinin cilovlanmasını bazarda təklifin çox olması, tələbatın isə kifayət qədər az olması ilə izah edirlər. Ancaq hazırda əks proses müşahidə olunur və bu tendensiya davam edərsə, onun fəsadları hətta pərakəndə ticarət şəbəkələrində də nəzərə çarpacaq və adi istehlakçı da bunu hiss edəcək.
Qeyd edək ki, Qərbi Afrikada həmin məhsul qıtlığı olduğundan şokoladın xammalı olan kakaonun qiyməti bu il artıb. İnflyasiyaya tədarük zəncirlərinin fasiləsiz işləməsində problemlər yaradan geosiyasi amillər də təsir edir. Qara dəniz və Yaxın Şərqdəki gərginlik, ABŞ-da qarşıdan gələn noyabr seçkiləri və bundan sonra Çin və ABŞ arasında ticarət əlaqələrində baş verə biləcək inkişaflar ekspertlər arasında az qorxuya səbəb olmur.
Zərintac Mayisqızı
Missiya.Az