AZ   |   RU
İranın uzun qolları istənilən nöqtəyə çata bilər - İran XİN


“Biz regionun sabitliyi və təhlükəsizliyinə sadiqik və təcavüzkarlara qarşı sərt davranırıq”.

Missiya.Az
"Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu İranın İsrailin hərbi bazalarına raket hücumundan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“BMT Nizamnaməsinin 51-ci maddəsi ilə müəyyən edilmiş təhlükəsizlik, suverenlik və ərazi bütövlüyünün müdafiəsi hüququ əsasında biz çaşqınlıq içində olan təcavüzkarlara qarşı qətiyyətlə hərəkət etdik”, - o bildirib.

Nasir Kənaninin sözlərinə görə, İran Silahlı Qüvvələrinin qabiliyyəti, şücaəti və müdafiə qüdrəti, ali baş komandanın müdrikliyi, düzgün taktika və dözümlülüyü bütün iranlılar üçün qürur mənbəyidir.

"Sionist rejim və onun havadarları bilməlidirlər ki, İran İslam Respublikası qətiyyətlə hərəkət edir. İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı heç bir avantürist və düşünülməmiş addım cavabsız qalmayacaq. Bir daha sübut olundu ki, İranın uzun qolları istənilən nöqtəyə çata bilər. Bölgənin və Qərbi Asiyanın gələcəyini köksüz və şəxsiyyətsiz işğalçılar və təcavüzkarlar deyil, bölgənin əsl sahibləri və orada yaşayan millətlər müəyyən edəcək”, - deyə sözçü vurğulayıb.


Zərintac Mayisqızı
Missiya.Az





  • 2-10-2024, 11:10