AZ   |   RU
Gənclərin iş tapmaq problemi - Təhsil eksperti işəgötürənlərin absurd tələbindən danışdı


"Təhsilini başa vurmuş gənclərdən işə qəbul zamanı təcrübə tələb olunması onlara ciddi problemlər yaradır. Gənclərin əksəriyyəti ali təhsili bitirdikdən sonra kifayət qədər iş təcrübəsinə malik olmadıqlarına görə iş tapmaqda çətinlik çəkirlər". 


Missiya.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov gənclərin işə qəbul zamanı üzləşdiyi problemlərdən danışarkən deyib.


K.Əsədov qeyd edib ki, əsas problem universiteti yenicə bitirmiş gənclərdən iş təcrübəsinin  tələb olunmasındadır:  "Burada əsas sual yaranır: Təcrübəni harada toplasınlar?


Universitetlərin 3-4-cü kurslarında keçilən istehsalat təcrübələri (praktika) gənclərin ilk təcrübə yığma mərhələsi olaraq çox önəmlidir.

Ancaq bu təcrübələr çox zaman işəgötürənlər tərəfindən rəsmi iş təcrübəsi kimi qəbul edilmir və nəzərə alınmır. Bu praktika dövrlərinin təcrübə kimi rəsmi qeydə alınması və sertifikatlaşdırılması gənclərin əmək bazarına daha asan inteqrasiya olmasını təmin edə bilər. Yəni istehsalat təcrübəsində (praktikada) olanda tələbələr ilə rəsmi ƏMAS sistemində müqavilə imzalanmalı və rəsmi qeydiyyat həyata keçirilməlidir.


Ekspert hesab edir ki, 

təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalı, praktika proqramları təcrübənin keyfiyyətini yüksəltməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır.


"Bu addım həm gənclərin iş axtarışında qarşılaşdıqları təcrübə tələblərini qarşılamağa, həm də işəgötürənlərə gələcəyin peşəkarlarını formalaşdırmağa kömək edəcəkdir. Gənclərə təcrübə qazanmaq üçün daha çox imkan yaratmaqla, onların inkişafına və gələcək karyeralarına dəstək göstərməliyik".


Elcan
Missiya.Az





  • Bu gün, 13:27