Selin Həsənli: “Sinqapurda keçirilən o olimpiadada həm qızıl, həm gümüş, həm də bürünc medal əldə etdim”
Azərbaycan məktəblərində kifayət qədər şagirdlər var ki, öz savadları, bilikləri, dərsə, fənlərə maraqları ilə diqqəti cəlb edirlər. Belə uşaqlar bilikləri ilə öz uğur hekayələrini gerçəkləşdirirlər.
Unutmayaq, bu qəbildən olan şagirdlər Azərbaycanın gələcəyini quracaq şəxsiyyətlər kimi öz yerlərini tutacaqlar.
“Bakı-Xəbər” olaraq, həmişə uğurlu həyat hekayəsi olan uşaq, yeniyetmə və gənclər barədə yazılar hazırlayırıq və hesab edirik ki, onların bacarıqları, qabiliyyətləri, fitri istedadları bir örnək kimi başqa uşaqlar üçün də bir stimul ola bilər. Yaxşıdan öyrənmək, yaxşının cızdığı yolla getmək çox faydalıdır.
Belə istedadlı şagirdlərdən biri də öz uğur hekayəsini yazmış Selin Həsənlidir.
6 iyun 2008-ci ildə Bakıda doğulan Selin Həsənli hazırda 220 saylı məktəb-liseyin XI sinif şagirdidir.
16 yaşlı Selinin uğur hekayəsinin ilk cümlələri 2022-ci ildə yazılıb. Riyaziyyat fənninə xüsusi sevgisi və marağı olan qəhrəmanımız qatıldığı ilk olimpiadada uğur qazanıb, nailiyyət əldə edib.
“Copernicus olimpiadasının Global mərhələsindən də gümüş medal qazanmağı bacardım”
İlk dəfə 2022-ci ilin oktyabr ayında AMO riyaziyyat olimpiadasına qatılıb. Azərbaycanda keçirilən beynəlxalq statuslu bu olimpiadada Selin gümüş medal qazanıb. “Bu mənim qazandığım ilk medal oldu. Bu medal sayəsində Sinqapura getmək hüququ qazandım. Çünki bu olimpiadanın ikinci turu Sinqapurda keçirildi. Tərəddüd etmədən ikinci tura da qatıldım. Bu tur 3 mərhələdən ibarət idi. Mən hər üç mərhələdən medal qazanmağı bacardım. Belə ki, Sinqapurda keçirilən o olimpiadada həm qızıl, həm gümüş, həm də bürünc medal əldə etdim.
Mən qızıl, qümüş və bürünc olmaqla 3 medal qazanmağımdan çox qürurlandım, bu mənə daha da irəliyə getməyə böyük stimul verdi”.
Selinin də qatıldığı sözügedən olimpiadada Azərbaycan komandası beynəlxalq arenada 32 ölkə arasından 5-ci yerə çıxıb. Bu olimpiadanın son, yəni final mərhələsi isə İndoneziyada baş tutub. 2023-cü ilin dekabr ayında keçirilən final mərhələsində Selin də iştirak edib. “Yalnız bu mərhələyə qatıla bilmək üçün AMO-dan ya qızıl, ya da gümüş medal qazanmaq, yaxud da Sinqapurdakı mərhələdən qızıl, gümüş və ya bürünc medal qazanmaq lazım idi. Mən final turunda iştirak etmək hüququ qazanmışdım və final turu üçün İndoneziyaya getdim. Burada İJMO (riyaziyyat) və İJCO (kibertəhlükəsizlik) olimpiadalarına qatıldım. Riyaziyyat və kibertəhlükəsizlik olimpiadalarında sertifikat qazandım. Həmçinin, 2023-2024-cü illər arasında beynəlxalq olimpiadaların Azərbaycandaki yerli mərhələlərinə də qatıldım. Bunlar FİSO (İngilis dili) və Fermat (riyaziyyat) olimpiadaları oldu. Hər ikisindən bürünc medal qazandım. Bu zaman Copernicus Riyaziyyat olimpiadasının da yerli mərhələsinə qatılmışdım və gümüş medal qazandım. Final turu isə Amerikanın New-York şəhərində keçiriləcəkdi və mən ona da qatılmağa qərar verdim. Final turu 2024-cü ilin 14-18 iyul tarixlərində keçirildi. Olimpiada Columbia Universitetində baş tutdu. Nəhayət nəticələr açıqlandı və Copernicus olimpiadasının Global mərhələsindən də gümüş medal qazanmağı bacardım. Azərbaycan komandası isə 54 ölkə arasında keçirilən riyaziyyat olimpiyadasında 1-ci yerə layiq görüldü. Hazırda ümumilikdə 8 medal və 14 sertifikatım var”.
Selin bildirdi ki, uğurlarının memarı ona dəstək olan ailəsi və müəllimləridir. Selin “təbii ki, mən bu uğurlarımı ailəmə və müəllimlərimə borcluyam. Onlara hər zaman minnətdaram”-deyir.
Selin bakalavr və magistr təhsilini xarici ölkələrdə almaq istəyir, deyir ki, ən yaxşı universitetlərdə oxumaq böyük arzusudur. Selin gələcəkdə ixtisas olaraq kompüter elmlərini seçib. Fikirləşir ki, bu sahədə təhsil alarsa, gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycana daha böyük fayda verə bilər.
Selin cəmiyyətə, dövlətə, insanlara, bütövlükdə bəşəriyyətə faydalı olmaq istəyir. Ona görə də çox oxuyur, çox çalışır, çox öyrənir. Bilikli, fitri istedadlı şagirdlərimizdən biri kimi Selin Həsənli də bizim qürur yerimiz olan yeniyetmələrdən biridir.
İnanırıq ki, özünəməxsus nümunəvi uğur hekayəsi olan Selin Həsənlinin gələcəyi işıqlı olacaq və o öz arzularına yetəşək. Çünki buna onun savadı, biliyi, bunlardan əvvəl də özünə qüvəni tamdır, ailəsi də, yaxınları da, müəllimləri də ona yaxından dəstək olur. Selin yalnız 220 saylı məktəb-liseyin fəxri deyil, təkcə ailəsi onunla qürur duymur, müəllimləri olunla öyünmür, həm də biz belə bir məktəblimizin olması ilə fəxr edirik.
Yolun açıq olsun, Selin!