AZ   |   RU
Azərbaycan-Pakistan tarixi dostluq və qardaşlıq münasibətlərinin yeni dövrü


Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.

Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 11-də Pakistana səfəri, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, eləcə də imzalanan sənədlər iki dost, qardaş ölkənin münasibətlərinin inkişafında xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı səfərin sonunda mətbuata verdiyi bəyanatda bunları bir daha qeyd edib və vurğulayıb ki, “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.

Azərbaycan Prezidenti həmçinin xüsusilə qeyd edib: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksək rütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi”.

Azərbaycan Pakistan münasibətləri yeni dövrə qədəm qoyub və Azərbaycan Prezidentinin 11 iyul Pakistan səfəri bu münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində tarixi töhvələrini verəcəkdir.

Yusif Əliyev
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı,
Vətən müharibəsi veteranı

 



  • 12-07-2024, 11:46