“Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü uğurla başa çatdı.Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunmuş bu görüşdə özünün əhəmiyyəti və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından tarixi adlandıra biləcəyimiz Qarabağ bəyannaməsi imzalandı”.
Missiya.Az xəbər verir ki, bu fikirləri TAİB təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz “facebook” hesabındakı paylaşımında qeyd edib.
Ramin Əhmədov bildirib ki, 31 bənddən ibarət olan bu sənəd mühüm strateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığı möhkəmləndirəcək, bəyannamədə də vurğulandığı kimi, daha iddialı məqsədlərə çatmaq üçün birgə səylərin artırılmasına və transregional əhəmiyyətli layihələrin həyata keçirilməsini təmin edəcəkdir:
“Qarabağ bəyannaməsində türk xalqlarının bir ailə olması gerçəkliyinin vurğulanması bizə möhtərəm Prezidentimiz İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi fikirləri xatırladır. Cənab Prezident demişdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkürlərini də bildirib, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndiriblər”.
TAİB təsisçisi onu da vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan bəyannaməsi imzalanandan sonrakı dövrə nəzər saldıqda təşkilatın türk dövlətlərinin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc mərkəzi kimi beynəlxalq münasibətlər sistemində dayanıqlı mövqeyə sahiblənməsi kimi ciddi nailiyyətlər əldə etdiyini görürük:
“İqtisadi müstəvidə də nəzərəçarpan inkişaf müşahidə olunur. Məsələn, ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub. Ciddi rəqəmlərdir, lakin hədəf daha böyük nəticələrdir. Şuşada imzalanmış Qarabağ bəyannaməsi də elə DAHA BÖYÜK NƏTİCƏLƏRƏ çatmağın yollarını, konkret olaraq sahələr üzrə fəaliyyət mexanizmlərini özündə ehtiva edir. TDT-nin Şuşa sammitinin türk dünyasının mənəvi bağlantıların möhkəmləndirilməsində də böyük rol oynayacağı şübhəsizdir”- deyə Ramin Əhmədov bildirib.
Zərintac Mayisqızı
Missiya.Az