AZ   |   RU
Məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcək – Bu qərarın hansı üstünlükləri var?


Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında 2026-cı ilin sonuna qədər məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcəyini bildirib. O, qeyd edib ki, adambaşına maliyyələşmə məktəblərə vəsaitin şagirdlərə uyğun verilməsidir:

“Bu o deməkdir ki, məktəblərdə hesabatlılığ artır. Şagird məktəbi dəyişsə ona düşən vəsaiti də getdiyi yenə məktəbə aparır. Məktəblərdə idarəetmə mexanizmləri də müəyyən qədər dəyişəcək. Bu hazırda pilot layihədir. Bir qurup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər 100 məktəbə şamil olunacaq. Artıq məktəb maraqlı olacaq ki, şagird cəlb etsin. Bu layihənin müəllimlərin maaşında təsiri ilə bağlı danışmaq isə hələ tezdir".

Təhsil eksperti Kamran Əsədov Missiya.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisləri bu sistemlə idarə olunur:

“13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, təhsil naziri sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir. Adambaşına maliyyələşmə o deməkdir ki, hər şagirdə görə məktəbə dövlət maliyyə ayırır, yəni hər şagirdin ödədiyi vəsait hesabına maliyyələşmə həyata keçirilir. Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir. UNESCO-nun 2023-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin ¾ hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir”.



Təhsil ekspeti onu da vurğulayıb ki, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir:

“Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur. Sertifikasiya, Dİm-in qəbul və buraxılış imtahanları və digər imtahan nəticələri ilə deyə bilərik ki, Bakıda təhsilin keyfiyyəti ilə öyünə biləcək belə məktəbləri barmaqla saymaq olar. Yeniliyin mahiyyəti isə odur ki, şagirdin arxasınca maliyyə gəlsin. Bu halda məktəblər daha çox şagird cəlb etməkdə maraqlı olacaqlar. Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur. Amma bu pulun necə sərf olunması məlum deyil. Azərbaycanın relyefi elədir ki, 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır. ABŞ-nin bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyin həmin pulu istədiyi məktəbə və müəllimə yatırır. Bu məktəblər arasında daha keyfiyyətli təhsilə rəqabət mühiti yaradır. Beləcə, təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrunda rəqabət başlayır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır”.

Kamran Əsədov əlavə edib ki, Birləşmiş Ştatlarda hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayrılır:

“12 illik təhsil sistemi üzrə ABŞ-də bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Təhsilin maliyyələşməsində yerli bələdiyyələr də iştirak edir. Bu ölkədə təhsil xərcləri ABŞ-nin üzvü olduğu YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş meyarlardan aşağıdır. Ölkə təhsilə dövlət maliyyəsinin 11,6%-ni qoyur ki, bu da beynəlxalq standart olan 15,00%-dən xeyli aşağıdır. Birləşmiş Ştatlardakı məktəblər hər şagirdə orta hesabla ildə 12,624 dollar xərcləyir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 37 digər inkişaf etmiş ölkə arasında şagirdə düşən ən yüksək - beşinci yerdədir. Digər ölkələrə gəlincə, bu məbləğ dəyişir. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır. Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır. Adambaşına təhsil xərcləri ən aşağı hesab olunan ölkə sırasında İndoneziya qərarlaşıb. Bu ölkədə ibtidai siniflər üzrə bir şagird üçün illik 1,514 dollar, yuxarı siniflər üçün 1,435 dollar ayrılır. Dünya təcrübəsi əsasında deyə bilərəm ki, orta məktəblərdə adambaşına maliyyələşmə sisteminin tətbiq edilməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək. Çünki şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Praktik olaraq bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əmək haqqı alır. Adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 4-07-2024, 14:34