AZ   |   RU
Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib


İyunun 24-də Milli Məclisin Regional məsələlər komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib. 


İclası açan komitə sədri Siyavuş Novruzov bildirilib ki, gündəliyə birinci oxunuşda bir qanun layihəsi - “Bələdiyyələrin statusu haqqında” və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib. Qanun layihəsi barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur.


Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Səbinə Xasayeva layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdırıb. Qanun layihəsi barədə ətraflı məlumat verən komitə üzvü bildirib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılmasını nəzərdə tutur. Həmçinin diqqətə çatdırılıb ki, qanunlara təklif olunan bir qrup düzəlişlər isə bələdiyyələrin işinin təşkili ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün zəmin yaradacaq.


Müzakirələrdə komitənin üzvləri Məzahir Əfəndiyev, Kamran Bayramov çıxış edərək, qanun layihəsinin aktuallığını qeyd ediblər, təklif olunan düzəlişlərlə bağlı fikirlərini bildiriblər. 


Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


İclasda Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, üzvlər Tahir Rzayev, Emin Hacıyev, Aqil Məmmədov, Əliabbas Salahzadə, Cavid Osmanov və digər rəsmi şəxslər iştirak ediblər.


Missiya.Az




  • 24-06-2024, 17:16