Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.
Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub.
Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Milli Qurtuluş Günü ilə əlaqədar hər il ölkəmizdə müxtəlif xeyriyyə tədbirləri keçirilir. Həmişə olduğu kimi, BrendSport.az informasiya portalının da keçirdiyi belə layihələr artıq ənənə halını alıb.
Bu dəfə də sözügedən saytın təşkilatçılığı ilə şəhid övladlarının iştirakı ilə 15 İyun Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra aparıcı və layihə rəhbəri Bəhruz Səmədov şəhid övladlarını, qaziləri və qonaqları salamlayaraq tədbiri açıq elan edib. Çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açıb və ölkə rəhbərliyinə minnətdarlığını bildirib. B.Səmədov bundan sonra da bu siyasətin davam edəcəyini vurğulayaraq, müxtəlif təşkilatlar tərəfindən bu cür tədbirlərin keçirilməsi isə bu ailələrə mənəvi dəstək olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər bu cür tədbirlərin mahiyyətindən danışaraq, şəhid ailələrinə və qazilərə olan dövlət dəstəyinin hər zaman prioritet olduğunu qeyd ediblər. Ölkə rəhbərliyinin bu sahədə apardığı siyasəti yüksək qiymətləndiriblər.
Tədbirin musiqili açılışını şəhid uşaqlarından ibarət xor qrupu edib. Onlar özlərinəməxsus tərzdə çıxış edərək, gələcək fəaliyyətlərinin uğurlu olacaqlarını əyani göstəriblər.
Növbəti musiqili qonaq şəhid baş leytenant Vüsal Babayevin qızı Selcan atasına həsr etdiyi mahnını ifa edib.
Fəxri qonaqlar olan qazilər də - Vətən müharibəsi qazisi Vüqar Əhmədov, Abbas Musayev və Aprel döyüşlərinin qazisi Ülvi Qədir ürək sözlərini ifadə edərək şəhidlərinizə Allahdan rəhmət diləyiblər. BrendSport.az saytı adından onlar da tədbirdə iştiraka görə təltif olunublar.
Maraqlı qonaqları arasında "Səbirli Dunya" uşaq jurnalının rəhbəri Gülzar İbrahimova da olub. O da öz nağıl kitablarından ibarət hədiyyələri balacalara təqdim edib və onlara uğurlar arzulayıb.
Birinci Qarabağ müharibəsi şəhidinin oğlu Vasif İbrahim də həmçinin tədbirin qonağı olub. Sonra səhnədə gənc müğənnilər Aydan Əliyeva və Amira Atasidiyeva öz ifaları ilə uşaqları əyləndiriblər.