AZ   |   RU
Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

 

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür.


Missiya.Az xatırladır ki, Arif Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı (Şirvan)  şəhərində anadan olub.


1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuş və 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.


Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.


Teatr səhnəsində ifa etdiyi Şərbətəli ("Təzə gəlin"), Salyanski ("Gözün aydın"), Əli ("Qaynana"), Dursun ("Durna"), Mürsəl ("Gurultulu məhəbbət"), İbişov ("Özümüz bilərik"), Dursunov ("Hicran"), Tofiq ("Ev bizim, sirr bizim"), Hambal ("Məşədi İbad"), Mirzəqulu ("Durnalar qayıdanda"), Səbzəli ("Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.


O,  İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.


1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə "Sənətkar" medalına layiq görülüb.


Unudulmaz gülüş ustası 7 may 2021-ci il tarixində COVID-19 səbəbindən vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn edilib.


Allah rəhmət eləsin.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 16-05-2024, 09:41