AZ   |   RU
Tikinti sahəsində təhlükəsizlik necə təmin olunmalıdır? - AÇIQLAMA


Zaman-zaman iş yerlərində yaşanan qəzalar nəticəsində insanlar ciddi xəsarətlər alır. Hətta ölüm hadisəsi baş verir. Belə mənfi halların qarşısını necə almaq olar? Hansı qaydalara riayət etmək lazımdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında deyib ki, tikinti sahələri təhlükə riski çox yüksək olan yerlərdir. Çünki orada istifadə edilən avadanlıqlar , kimyəvi tərkibli materiallar, hündürlükdə görülən işlər, ağır çəkili nəqliyyat vasitələri, yükqaldırıcı mexanizmlər, kranlar və s. – Bunların hər birinin böyük təhlükə riski var:

“Ona görə də tikinti sahəsində texniki və yanğın təhlükəsizliyi, əməyin mühafizəsi qaydalarına, sanitar normalara mütləq ciddi riayət olunmalıdır. Tikinti yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Orada çalışanların həyat və sağlamlığı üçün təhlükə riskləri olmamalıdır. Unutmayaq ki, işçilər üçün gözlənilməz təhlükələr baş verə bilər. Əvvəlcədən ciddi tədbirlər görülməlidir. Bu həm belə yerlərdə çalışanlara aiddir, həm də tikinti meydançasına yaxın yaşayan sakinlər, ətrafdan keçən nəqliyyat vasitələri və piyadaların təhlükəsizliyi baxımından önəmlidir”.



Elmar Nurəliyev vurğulayıb ki, tikintidə çalışan işçilər texniki və əməyin təhlükəsizliyi qaydalarına dair mütləq təlimatlandırmadan keçməli, bu barədə ilkin biliklərə yiyələnməlidirlər:

“Sözügedən sahələrdə işləyənlər mütləq əmək müqaviləsi əsasında fəaliyyət göstərməlidirlər. Tikinti yerlərinə kənar şəxslərin girişi də məhdudlaşdırılmalı, nəzarət olunmalıdır. Bu işdə çalışanlar həm fərdi, həm də kollektiv mühafizə vasitələri ilə təchiz edilməli, tikinti sahəsinin özü çəpərlənməyə alınmalıdır. Hündürlükdə görülən işlərdə təhlükəsizlik kəmərləri taxılmalıdır, habelə görülən işlərə uyğun olaraq qoruyucu eynək, əlcək, xüsusi uniforma, ayaq və baş geyimindən istifadə etmək gərəklidir. Əgər işçi fərdi mühafizə vasitələri ilə təchiz olunduğu təqdirdə ondan istifadə etmirsə işəgötürən onunla bağlı müvafiq cəzalar görməli, bu hal mütəmadi baş verərsə hətta onun işdən uzaqlaşdırılması ilə də nəticələnə bilər. Həmçinin, işçi də fərdi mühafizə vasitələri ilə təchiz edilməzsə, əlbəttə ki, onun da hüquqları var və bu işi etməkdən imtina etməlidir. Həm işəgötürənin, həm də işçinin özünə görə hüquqları var".

Zərintac Mayisqızı
Missiya.Az





  • 10-05-2024, 12:50