AZ   |   RU
Almatı görüşündə hansı razılıq əldə olunacaq? - AÇIQLAMA


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bu gün Almatıda görüşü baş tutacaq. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü nəticədən asılı olmayaraq ikitərəfli formatın fərqli formada reallaşmasıdır.

Siyasi şərhçi Asif Nərimanlı Missiya.Az-a açıqlamasında bildirib ki, bundan sonra Bakı-İrəvan danışıqlarında iştirak etmək istəyən tərəflərin “vasitəçi” yox, platforma olması yönündə presedent yarana bilər.



"Görüşün məhz Almatı şəhərində keçirilməsi isə maraqlı detaldır. Şəhər seçiminin Qazaxıstanın təklifi olduğu deyilir, lakin, Ermənistanın Alma-Ata bəyannaməsində israrlı mövqeyi fonunda bu seçim diqqətdən yayınmır. “Alma-Ata bəyannaməsini Almatı görüşündə yenidən sənədləşdirməkmi istəyirlər” sualını ön plana çıxarır. Ermənistanın planının bu olduğu aydın görünür. Ararat Mirzoyan da macarıstanlı həmkarı ilə görüşdə bildirib: “Almatı danışıqları zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə təsbit etmək imkanının olacağına inanırıq”. Mümkündür ki, Almatıda əsas müzakirə mövzusu sülh sazişinin mətni üzərində olacaq. İndiyə qədər mətnlə bağlı Bakı-İrəvan xəttində məktublaşma baş verib, nazirlər də son düzəliş və əlavələrin edildiyi variantı üzərində dayanacaqlar. Mirzoyanın açıqlaması isə İrəvanın görüşdə sənəd imzalanmasını istədiyini deməyə əsas verir.

Bakı üçün İrəvanın əsas öhdəliyi Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılmasıdır: bununla bağlı yeganə rəsmi sənəd 10 noyabr razılaşmasıdır, Əliyev də sonuncu çıxışında bunu vurğuladı, lakin Paşinyan “razılaşmanın artıq qüvvədə” olmadığını deyərək, növbəti dəfə imtina etdi;

İrəvan üçün Bakının “öhdəliyi” sərhədlə bağlı Alma-Ata bəyannaməsinə istinad edilən 19 aprel razılaşmasıdır: erməni nazir də “öhdəliklərimiz” dedikdə əslində Azərbaycanın “öhdəliyini” nəzərdə tutur;

Bu o deməkdir ki, İrəvan Almatıda “sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyən edilməsi” qeydinin daxil edildiyi sənədin imzalanmasına çalışacaq. Hərçənd, bunun mümkünlüyü sual altındadır", - Asif Nərimanlı əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 10-05-2024, 12:24