Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin iclasına getməzdən əvvəl Ermənistanla bağlı verdiyi açıqlama erməni mediasında ciddi müzakirələrə səbəb olub. Erməni jurnalistlər qeyd edir ki, baş nazir Nikol Paşinyanın Ərdoğana görüş təklif etməsi Ermənistan diplomatiyasının alçaldılmış vəziyyətdə olmasının bariz nümunəsidir.
Missiya.Az xəbər verir ki, Ermənistanın “politik.am” saytında dərc olunan yazıda, rəsmi İrəvanın Türkiyə prezidentinin açıqlamasına cavab vermədiyi qeyd olunur.
Sitat:
“Hələlik rəsmi İrəvan Ərdoğanın açıqlamasına reaksiya verməyib. Vaxtilə hər fürsətdə şəffaf idarəçilikdən danışan Nikol Paşinyanın Ərdoğana etdiyi təkliflə bağlı hər hansı açıqlamanın verəcəyinə ümid yoxdur”, - sitatın sonu.
Müəllif bildirir ki, Paşinyan 44 günlük müharibədə Azərbaycana kömək edən Türkiyə ilə danışıqlara başlayıb və bunu gizlətmir. Yazıda qeyd olunub ki, Paşinyan Ərdoğana görüş təklif etməklə erməni cəmiyyətini alçaldır.
Sitat:
“Vəziyyət ikiqat alçaldıcıdır. Çünki əgər görüş istəyərək bir dəfə alçaltmışdısa, Ərdoğanın cavabı artıq ikiqat rüsvayçılıq deməkdir. Ərdoğan görüş üçün Paşinyanın qarşısında “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı şərt qoyur. Türkiyə prezidenti açıq şəkildə deyir ki, “Gedin ev tapşırığınızı yerinə yetirin, ondan sonra gəlib görüş istəyin”. Ermənistan və erməni diplomatiyası Nikol Paşinyana görə bu qədər alçaldılmış vəziyyətdədir”, - sitatın sonu.
Yazıda Paşinyanın atdığı addımlara cəmiyyətin heç bir reaksiya vermədiyi qeyd olunub.
Elvin
Missiya.Az