AZ   |   RU
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib


Mayın 3-də Azərbaycanın paytaxtı Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclası keçirilib. Görüş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) binasında təşkil olunub.



Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda iştirak edən AZƏRTAC, TASS, BELTA, “Kabar” və “Xovar” agentliklərinin rəhbərləri və onların müavinləri Rusiya Federasiyasının MDB-də sədrliyi ilində əməkdaşlığın perspektiv istiqamətlərini, həmçinin gələn il İkinci Dünya müharibəsinin 80 illik yubileyinin qeyd edilməsinə hazırlıq üzrə peşəkar qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.


Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, İnformasiya Şurasının Bakıda keçirilən hazırkı iclası sayca beşincidir. Onun sözlərinə görə, AZƏRTAC Birliyə üzv dövlətlərin informasiya agentlikləri ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.


İdarə Heyətinin sədri deyib: “MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlıq əlaqələrin inkişafında, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, humanitar əməkdaşlıq sahəsində qarşıya qoyulmuş vəzifələrin həllində aparıcı yerlərdən birini tutur. İnformasiya Şurasının təşəbbüsü ilə qurumlarımızın indiyədək həyata keçirdiyi birgə layihələr ortaq dəyərlərin qorunmasına, xalqlarımızın mədəniyyətinin və turizm imkanlarının təşviqinə yönəlib”.


MDB Baş katibinin müavini Denis Trefilov MDB İcraiyyə Komitəsinin rəhbərliyi adından iclas iştirakçılarını salamlayaraq qonaqpərvərliyə, Bakıda toplaşmaq, fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə kömək edən tədbirləri işləyib hazırlamaq imkanına görə AZƏRTAC-a təşəkkürünü bildirib.


“Bu gün biz həmişəkindən daha çox sayda feyk xəbərlər və informasiya tullantıları ilə, media, sosial şəbəkələr və mesencerlər vasitəsilə ölkələrimiz arasında münasibətlərə nifaq salmaq cəhdləri ilə üzləşirik. Ona görə də ölkələrimiz daxilində quruculuq proseslərini və MDB məkanında dövlətlərarası inteqrasiyanı qeyri-sabitləşdirməyə yönəlmiş dövlətlərimiz və hadisələr haqqında yalan məlumatların qarşısının alınması istiqamətində aparılan işlər xüsusilə aktualdır. Dövlət xəbər agentlikləri cəmiyyətin və vətəndaşlarımızın aktual və etibarlı xəbərlərlə təmin olunmasında əsas rol oynayır”, - deyən Baş katibin müavini xəbər agentliklərinin birgə fəaliyyətini çox dəyərli adlandırıb. Onun sözlərinə görə, belə bir tərəfdaşlığı bütün vasitələrlə inkişaf etdirmək və dəstəkləmək lazımdır.


Sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iqlim dəyişikliyi və yaşıl energetika məsələlərinin işıqlandırılmasından bəhs edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bərpa olunan enerji mənbələri son vaxtlar ən çox müzakirə olunan mövzular arasındadır. Dünya mediası göstərilən məsələlərə böyük diqqət yetirir, mətbuatda bu mövzunun işıqlandırılması ilə bağlı müzakirələr aparılır.


Azərbaycan Prezidenti İlham Əliyevin cari ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladan İdarə Heyətinin sədri iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda bu sahədə böyük layihələr həyata keçirilir, yeni hidroelektrik, günəş və külək elektrik stansiyaları tikilir.


Vüqar Əliyev qeyd edib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Tamamilə dağıdılmış və yenidən dirçəldilən bu ərazilərdə yaşıl enerji onların bərpası prosesinin əsas istiqaməti olacaq”.


O, həmçinin xatırladıb ki, Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və ölkəmizə 80 minə yaxın əcnəbi qonaq gələcək. İdarə Heyətinin sədri vurğulayıb ki, 198 ölkə Konvensiyanın tərəfdaşıdır və bu, tədbirin necə böyük miqyasa malik olduğunu göstərir.


Agentliyin rəhbəri deyib: “AZƏRTAC bu konfransın işıqlandırılmasında fəal iştirak edəcək. Biz, həmçinin həmkarlarımızı öz ölkələrindəki auditoriya üçün maraqlı və faydalı olacaq məlumatları yaymaq istiqamətində birgə fəaliyyət göstərməyə dəvət edirik. Əminəm ki, birgə səylərlə insanlara ölkələrin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidlə bağlı qəbul etdikləri qərarlar barədə daha yaxşı məlumat verə bilərik”.


Birliyə üzv ölkələrin dövlət xəbər agentlikləri arasında əməkdaşlıqdan danışan Vüqar Əliyev qeyd edib ki, son vaxtlar bu əlaqələr intensivləşib. Bu, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. O, bu kontekstdə TASS agentliyinin Moskvada təşkil etdiyi seminarları, eləcə də AZƏRTAC ilə TASS arasında həyata keçirilən mübadilə proqramını məhsuldar adlandırıb.


İdarə Heyətinin sədri Vüqar Əliyev Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan həmkarlarını iyulun 22-də Azərbaycanın Şuşa şəhərində keçiriləcək Qlobal Media Forumunda iştirak etməyə dəvət edib. O qeyd edib ki, Forum çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının birinci iclasının keçirilməsi də nəzərdə tutulur.


İdarə Heyətinin sədri çıxışının sonunda əlavə edib: “İnformasiya Şurasının gündəliyində məsələlər çoxdur. Biz artıq Qələbənin 80 illiyi (İkinci Dünya müharibəsində), eləcə də 2025-ci ildə Azərbaycanda keçiriləcək MDB Oyunları kimi əlamətdar hadisələri işıqlandırmağa hazırlaşırıq. Həqiqətən, İnformasiya Şurası bir əsrlik tarixə malik olan agentlikləri birləşdirir. Dekabrda BELTA 105 illiyini qeyd etdi, sentyabrda isə TASS 120 illik yubileyini bayram edəcək. Gələn il AZƏRTAC üçün də yubiley ili olacaq, biz 105-ci ildönümümüzü qeyd edəcəyik”.


MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşov Rusiya Federasiyasının MDB-də sədrliyi ilində Birlik ölkələrinin dövlət informasiya orqanları arasında əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, Rusiyanın sədrliyi MDB-nin inteqrasiya birliyi və onun beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə, Birlik və digər beynəlxalq təşkilatlar, eləcə də maraqlı dövlətlər arasında əməkdaşlığın inkişafına yönəlib. Digər mühüm məqsəd iqtisadi inteqrasiyanın, o cümlədən vahid iqtisadi məkanın yaradılması kontekstində enerji, sənaye, aqrar-sənaye kooperasiyası, nəqliyyat və kommunikasiyaların rəqəmsallaşdırılması, ekologiya və iqlimin mühafizəsi, elmi-texniki və innovasiya əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsidir.


Onun sözlərinə görə, prioritet həm də Birliyə üzv dövlətlərin təhlükəsizliyinə ənənəvi və yeni çağırışlara və təhdidlərə qarşı birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, hərbi sahədə və sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın gücləndirilməsidir.


“Bizim işimizin mühüm istiqaməti tarixin saxtalaşdırılmasına və nasizmin reabilitasiyası cəhdlərinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsidir. Bu baxımdan, nasizmə qarşı mübarizədə sülh və birlik ili olan 2025-ci ildə Birlik tərəfindən Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq işlərinə xüsusi diqqət yetirməliyik”, - deyə Andrey Kondraşov əlavə edib.


Belarus Teleqraf Agentliyi - BELTA-nın baş direktoru İrina Akuloviç Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyi və İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı agentliyin layihələri barədə məlumat verib.


Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Mederbek Şermetaliyev və Tacikistan Respublikasının “Xovar” Milli İnformasiya Agentliyinin direktoru Subhiddin Şamsiddinzoda Qələbənin 80 illik yubiley tədbirlərini işıqlandırmaq üçün rəhbərlik etdikləri strukturların hazırlıq işlərindən bəhs ediblər. MDB İcraiyyə Komitəsinin İnformasiya və analitik departamentinin direktoru Aleksandr Matyaş isə 2024-cü ildə Birliyin əsas hadisələri haqqında danışıb. Bundan əlavə, iclasda TASS-ın MDB ölkələri sektorunun rəhbəri Boris Qruşin çıxış edib.


İclasda söz alan TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunacaq və SSRİ-nin hər bir xalqının onun qazanılmasına töhfəsini əks etdirəcək xüsusi nəşr hazırlamağı təklif edib.


“Təklif edirəm ki, Qələbənin 80 illiyi ilə əlaqədar İnformasiya Şurasının üzvü olan hər bir qurumun materialları əsasında vahid toplu nəşr edilsin. Beləliklə, hər bir agentlik öz tarixini araşdırmaq, naməlum faktları, hələ də xüsusi işıqlandırılmamış hadisələri aşkara çıxarmaq imkanı əldə edəcək. Bundan əlavə, hər bir agentlik öz fotoşəkillərini təqdim edəcək. Digər tərəfdən, Rusiya bu gün “Qələbə”ni özəlləşdirməkdə ittiham olunur. Bu layihə vasitəsilə biz hər bir xalqın töhfəsini dəyərləndirəcəyimizi bildiririk. Nəşrdə Avropa dillərində - ingilis, alman, fransız və digər dillərdə annotasiyaların yerləşdirilməsi məqsədəuyğun olardı”, - deyən Mixail Qusman əlavə edib ki, eyni məcmuələrin Azərbaycan, qazax, qırğız və digər dillərin əsasında vahid bir dizaynda yaradılması da mümkündür.


TASS agentliyi baş direktorunun birinci müavininin təklifi İnformasiya Şurasının digər üzvləri tərəfindən qəbul edilib.


Öz növbəsində, MDB İnformasiya Şurasının sədri, TASS-ın baş direktoru Andrey Kondraşov təklif edib ki, bu strukturun sentyabrda Moskvada keçiriləcək növbəti iclasında layihənin konsepsiyası gündəliyin ayrıca məsələsi kimi baxılmaq üçün təqdim edilsin, ondan sonra praktiki işlər 2025-ci ilin mayına qədər başlamalı və tamamlanmalıdır.


MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXII iclasının Moskvada, cari il sentyabrın 11-15-də keçirilməsi nəzərdə tutulan BRICS Media sammiti platformasında təşkil edilməsi qərara alınıb.


MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşovun sözlərinə görə, platformanın təşəbbüskarı olan Sinxua ilə razılaşmaya görə, Rusiyanın BRICS-də sədrliyi çərçivəsində Media sammitini ilk dəfə Rusiya agentliyi keçirəcək.


O, bununla bağlı bildirib ki, sammitdə 30-dan artıq ölkədən aparıcı media orqanlarının 100-dən çox rəhbərinin iştirakı gözlənilir.


Andrey Kondraşov əlavə edib ki, Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası bayram əhvali-ruhiyyəsində keçiriləcək, çünki bu tədbir TASS-ın 120 illiyinə həsr olunub.



  • 3-05-2024, 19:27