AZ   |   RU
“Türk ölkələri arasında əlaqələrin genişlənməsi Türk Dövlətləri Təşkilatının inkişafına da əhəmiyyətli töhfələr verir” - Ramin Əhmədov

 
"Azərbaycanla Qırğızıstan arasında münasibətlər qədim tarixə malikdir. Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir".

Missiya.Az
xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz "Facebook" hesabında yazıb.

Ramin Əhmədov qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında əlaqələr bütün dövrlərdə dostluq və qardaşlıq prinsiplərinə söykənib: 

"Son illər isə münasibətlər çoxşaxəli şəkil alıb, xalqlarımız arasında əlaqələr isə daha da dərinləşib. Burada Türk Dövlətləri təşkilatı çərçivəsində qurulan əlaqələr də xüsusi önəm kəsb edir. Əminliklə deyə bilərik ki, türk ölkələri və xalqları arasında münasibətlərin daha da istiləşməsi, inteqrasiyanın sürətlənməsi, dövlətlərarası əlaqələrin strateji xarakter alması Türk Dövlətləri Təşkilatının inkişafına da əhəmiyyətli töhfələr verir. Qırğızıstan prezidenti birinci dəfə deyil ki, ölkəmizə səfər edir. Hörmətli Sadır Japarov bundan əvvəl 2023-cü il noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfər edib. Onun Prezident İlham Əliyevlə görüşündə dövlətimizin başçısının dediklərini xatırlayaq: “Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik”".

Türk Ağsaqqalları Birliyinin təsisçisi bildirib ki, bu görüşdən ötən müddət ərzində Azərbaycanla Qırğızıstan arasında iqtisadi, humanitar və informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

"Bütün bunlar onu göstərir ki, Azərbaycanın Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, əməkdaşlığın əhatə dairəsini daha artıracaq", -deyə o əlavə edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-04-2024, 16:02