AZ   |   RU
Bu, uğurlu xarici siyasətin nəticəsidir- Politoloq


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Mövzu ilə bağlı politoloq, Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri Tural İsmayılov Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərini tərk edəcəkdi:

“Üçtərəfli 10 noyabr bəyanatında rus sülhməramlılarının Azərbaycan ərazilərində müvəqqəti yerləşməsi barədə bir müddəa yer alırdı. Eyni zamanda Cənab Prezident İlham Əliyev həmişə söyləyib: “Mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm”. Elə bu da prezidentin həyata keçirdiyi düşünülmüş addımdır. Rasional siyasət nəticəsində addım-addım hadisələrə şahidlik etdik. Həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız qələbə torpaqlarımızın işğaldan azad edilməsi, həm də 2023-cü ildə Xankəndidə keçirdiyimiz antiterror əməliyyatları ilə separatçılığın kökünün tamamilə kəsilməsi , onun arxasınca isə rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsi düşünülmüş siyasi liderliyin və İlham Əliyev siyasi zəkasının növbəti göstəricilərindəndir. Bütün gedişatlar da sübut edir ki, uğurlu siyasət nəticəsində bu gün mərhələli və pilləli şəkildə hadisələr ard-arda davam edir”.



Politoloq əlavə edib ki, Azərbaycan və Rusiya arasında kifayət qədər yüksək münasibətlər formalaşıb. Məhz Bakı-Moskva əlaqələrinin belə pozitiv məcrası fonunda Azərbaycan və Rusiya ali rəhbərliyinin qərarı əsasında sülhməramlılar ərazilərimizi tərk ediblər:

“Təəssüflər olsun ki, onların bir gün torpaqlarımızdan vaxtında və ya zamanından əvvəl gedəcəkləri məlum ikən həmin məsələ ətrafında süni gündəm , manipulyasiya yaradan xaricdəki və daxildəki bəzi radikal qüvvələr daim bu mövzunu çeynəyirdilər. Hesab edirəm ki, sözügedən hadisədən sonra təkcə xarici və daxildəki bəzi radikal, anti-Azərbaycan qüvvələrə deyil, həm də onların havadarlarına da şillə olmuş bir vəziyyət yaratdı. Ölkəmizin istənilən halda bütün addımları dünyada bu qədər xaos və qarışıqlıq olduğuna baxmayaraq, Azərbaycanın nə qədər önəmli bir dövlət statusunda olduğunu bir daha göstərmiş olur”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 17-04-2024, 17:40