AZ   |   RU
Bakının "Zəngəzur planı": İrəvanın Tehranla nəfəsliyi bağlanır, tranzitlə bağlı danışıqlar dayanır
  
“İranın yük maşınları tədricən Ermənistan ərazisindən tranzit yolu kimi istifadə etməyi dayandıracaq və İrandan Ermənistana yük daşımaları əhəmiyyətli dərəcədə azalacaq”.

Missiya.Az
xəbər verir ki, bu barədə erməni jurnalist Nairi Hokhikyan özünün “Facebook” səhifəsində yazıb. 

Jurnalist bildirib ki, Ermənistana həm iranlı biznesmenlərin, həm də böyük beynəlxalq oyunçuların marağı azalacaq. 

Sitat: “Azərbaycanlıların Gorus-Qafan yolunun müəyyən hissələrinə nəzarəti ələ alması Hindistan və Çinin Ermənistanla tranzitlə bağlı beynəlxalq müzakirələri dayandırması ilə nəticələnəcək. Yəni bu yola işgüzar maraq azalacaq, siyasi danışıqlar üçün əlverişli şərait olmayacaq. Bu isə ölkəmizin ciddi blokadaya alınması ilə nəticələnəcək və Ermənistanın nəfəsliklərindən birinin bağlanmasına səbəb olacaq”, - sitatın sonu.  

Nairi Hokhikyanın sözlərinə görə, Azərbaycanın hədəfi Ermənistanı “Zəngəzur dəhlizi”ni açmağa məcbur etmək, Zəngəzur vilayəti ərazisindən Naxçıvana və Türkiyəyə qısa yola açmaqdır. Bu yolun açılması Azərbaycanın maliyyə yükünü azaldacaq. 

Qeyd edək ki, İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsi ilə bağlı yayılan təkzibolunmaz faktlar böyük qalmaqala səbəb olub. Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar.
 

Bu faktlar ortaya çıxdıqdan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunda İrandan gələn yük maşınlarını yoxlamağa başlayıb və sürücülərdən yük maşınlarındakı yüklərin sənədlərinin təqdim olunmasını istəyib. Həmçinin Azərbaycanın Gömrük Komitəsi Gorus-Qafan yolundan keçən nömrəli yük maşınlarından dövlət rüsumunun alınmasını təsdiqləyib. 

Elvin
Missiya.Az

  • 14-09-2021, 12:23