AZ   |   RU
Qarabağ atı alman "Mercedes"ini keçə bilərmi? - Yaxud olmayacaq duaya amin demək
 
Bilirəm, "Qarabağ" qeyri- bərabər imkanlarla döyüşə çıxacaq.Almanlar bütün göstəricilərə görə bizimkiləri çox üstələyirlər. Amma mən yenə də uğur qazanacağımıza inanıram. Sadəlöhv görünə bilərəm, bunun da fərqindəyəm. Olsun, yenə də "Qarabağ"ın 1/4 finala yüksələcəyinə inanıram. Son saniyəyə, son ana qədər inanacam. 


Bu gün imsakda da "Qarabağ"a dua eləmişəm. Allaha yalvarmışam ki, Azərbaycan adına Avropa meydanlarında savaşan komandamıza yardım etsin, mümkünsüz olanı mümkünə çevirsin, möcüzə yaratsın, nə olursa olsun, bircə komandamıza Almaniyada uğur bəxş eləsin. 
Axı təcrübədə çox olub ki, zəif olanlar parlaq qələbələr qazanıb, Avropa, dünya çempionları olub, müxtəlif mötəbər kuboklar qazanıblar. Belə bir səadət bir dəfə də bizə nəsib olsun, dünya dağılmaz ki... Həm də o var ki, bizim komandamız da elə-belə, əldə qayırma deyil, buralara qədər döyüşərək gəlib çıxıb. Bir balaca da Allahın yardımı olarsa, kuboku da götürə bilərik.


Nə bilim, inanıram də nə edim. Atın "Mersedes"i sıradan çıxaracağını düşünməyimlə kainata informasiya ötürməyə çalışıram. Bir həqiqət də var ki, "Mersedes"in mühərrikinin imkanları da AT GÜCÜ ilə hesablanır. 


Gəlin hamılıqla inanaq. Onu da unutmayaq ki, "Qarabağ"ın Avropadakı oyunları futboldan çox siyasətdir. Dövlətimizin, xalqımızın adına Alman nəhəngi ilə üz-üzə gələcək "Qarabağ"a Allah kömək olsun!


Bu statusu yazanda belə işdə uşaqlardan biri dedi ki, olmayacaq duaya amin deməzlər...


Bəlkə də mənim inamım da yersizdir. Baxaq, gözləyək, bəlkə "Qarabağ"ın qələbə topunu elə Almanların özləri vurdu. Yaxud top tamamilə təsadüfən alman qapıçının əlindən sürüşüb  qapıya girə bilər. O da ola bilər ki, penallaşmaya ehtiyac yaranar və almanların zərbəsi dirəyə dəyər... Hər şey ola bilər. Ona görə də 1/4 finalda oynayacağımıza  inanıram. Nə olar, siz də inanın!


Nicat Dağlar



  • 14-03-2024, 13:34