AZ   |   RU
Qarabağa qanunsuz səfər edən erməni deputatlara hücum edilib

Qarabağa qanunsuz səfər edən erməni deputatlar hücuma məruz qalıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, hücum edən şəxslər İkinci Qarabağ Müharibəsində həyatını itirən əsgərlərin qohumları olub.

Onlar Xankəndi şəhərində yerləşən otelə daxil olub, hakim “Mənim Addımım” partiyasının deputatlarına daş atıblar. Valideynlər bildiriblər ki, övladlarının itkin düşməsində və ölməsində günahkar Paşinyan hakimiyyətidir. Həmin hakimiyyəti təmsil edən deputatların Qarabağa ayaq basmağa haqqı yoxdur.

Vəziyyətin gərginləşdiyini görən separatçılar aranı sakitləşdirmək üçün valideynlərlə danışıqlar aparıblar və onları sakitləşdirməyə çalışıblar.

Qeyd edək ki, bu gün qondarma Qarabağ rejiminin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndi şəhərində bayram tədbirləri keçirilməli idi. Hətta erməni seqmentinin Telegram kanalında İrəvandan 20 nəfərdən ibarət “adi nümayəndə heyətinin” gəlişi haqda anons verilmişdi. Bu gün isə Xankəndidən qondarma rejimdə heç bir bayram tədbiri olmayacağı haqda xəbər yayıldı.

Xankəndi şəhərində müvəqqəti yaşayan ermənilər və Ermənistan parlamentinin nümayəndə heyətinin üzvləri 3 müharibədə (1991, 2016, 2020) həlak olanların xatirəsinə gül dəstələri qoyacaqlar. Və bununla da mərasim bitmiş hesab ediləcək.

Ermənistan mətbuatı yazır ki, hakimiyyət nümayəndələri Azərbaycanı qəzəbləndirməmək üçün Qarabağa səfər etməkdən və separatçıların təşkil etdiyi “tədbirlərdə” iştirak etməkdən çəkinirlər.

Məlumata görə, baş nazir Nikol Paşinyan Qarabağa səfər etməmək üçün avqustun 31-dən sentyabrın 3-nə qədər məzuniyyətə çıxıb. O, məzuniyyətini Ermənistanda keçirir. Prezident Armen Sarkisyan isə ümumiyyətlə məzuniyyətdən qayıtmayıb və harada olduğu barədə məlumat yoxdur.

Elvin
Missiya.Az


  • 2-09-2021, 14:18