AZ   |   RU
Postmünaqişə dövrünün reallıqları və mənasız “status” oyunu – Ermənistanı nə gözləyir?

44 günlük müharibədə ağır məğlubiyyətlə üzləşmiş Ermənistan hazırda bölgədə olan Rusiya sülhməramlılarına arxalanaraq postmünaqişə dövründə sülhə təhdid yaratmağa, Qarabağla bağlı gündəmdən çıxarılan terminləri yenidən gündəmə qaytarmağa cəhd göstərir. Bundan başqa, bəzi xarici ölkələr də Azərbaycanın diplomatik çevikliyinə, hücum diplomatiyasına və postmünaqişə dövründə gündəmi müəyyən etməsinə qısqanclıqla yanaşır, rəsmi Bakının gündəmdən çıxardığı “status”, “Dağlıq Qarabağ” kimi köhnəlmiş və artıq mənasını itirmiş terminləri yenidən siyasi leksikona daxil etməyə, “ATƏT-in Minsk Qrupu” adı ilə tanınan turist qrupunun yenə də ortalıqda dolaşmasına çalışırlar. 

Təbii ki, siyasi spekulyasiyalarla məşğul olan qüvvələrin Azərbaycanın haqq işinə yersiz müdaxiləsi rəsmi Bakının sərt etirazı ilə qarşılanır. Hazırda rəsmi Bakı bu tipli cəhdlərin qarşısını almaq üçün çoxşaxəli və genişmiqyaslı iş aparır. Bu xüsusda Prezident İlham Əliyevin fikirləri olduqca diqqətçəkəndir.

Prezident İlham Əliyevdən sitat: “...Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.
 
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndində 25 min adamın yaşadığını, orada gedən proseslərlə bağlı kifayət qədər böyük və çoxşaxəli məlumatların olduğunu da qeyd edib. Ölkə başçısı öz çıxışlarında Qarabağın ermənilər yaşayan hissəsindəki vəziyyətə və həmin ərazilərə “status”un verilməli olduğuna dair deyilən əsassız fikirlərə bir neçə dəfə toxunaraq “status”u gündəmə çevirmək istəyənlərə ciddi və tutarlı mesajlar göndərib.

Prezident İlham Əliyevdən sitat: “...Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? Mən sual verirəm. Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir?”. 

Azərbaycan Prezidenti dünya birliyinə, “status”u gündəmdə saxlamağa, “Dağlıq Qarabağ” ifadəsindən imtina etmək istəməyən, Cənubi Qafqazda siyasi spekulyasiyalarla məşğul olan siyasi qruplara qəti sualla müraciət edir:

“Azərbaycan 25 min erməniyə niyə status verməlidir?” Təbii ki, həmin qüvvələrin bu suala heç bir cavabı yoxdur. Çünki “status” davası edən xarici gücləri Qarabağdakı ermənilərin sosial vəziyyəti, yaxşı yaşaması maraqlandırmır. Onlar Qarabağla bağlı baş verən proseslərdən kənarda qaldıqları, Cənubi Qafqazda Azərbaycanın diqtə etdiyi yeni reallıqları qəbul etmək istəmədikləri üçün “status” məsələsini gündəmə gətirməyə çalışırlar."

Proseslər göstərir ki, ayrı-ayrı dövlətlərin hansı plan qurmasından asılı olmayaraq, Qarabağın, Cənubi Qafqazın, hətta Ermənistanın belə gündəmini Azərbaycan Prezidenti müəyyən edir. Qarabağ gündəmini Azərbaycan diqtə etməklə yanaşı, proses ətrafında yeni terminlərin yaranmasına, əhəmiyyətini itirmiş terminlərin leksikondan çıxarılmasına da Prezident İlham Əliyev qərar verir.

Məsələn, Azərbaycan Prezidenti 2021-ci il 7 iyul tarixində verdiyi fərmanla leksikonumuza Qarabağ və Şərqi Zəngəzur kimi yeni iqtisadi rayonları daxil etdi, həmçinin “Dağlıq Qarabağ” adlı süni ərazi vahidini tarixin arxivinə qapatmış oldu. Bundan başqa, rəsmi Bakı İrəvana sülh sazişi təklif edir, delimitasiya və digər məsələlərlə bağlı çıxış yolları göstərir.

Sülh sazişi, delimitasiya və digər məsələlərlə bağlı Azərbaycanın gündəliyinin Avropa İttifaqının, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil etməsi ölkəmizin həm müharibə, həm postmüharibə dövründə kifayət qədər dəqiq hesablanmış siyasətə əsaslanaraq irəlilədiyini göstərir.

Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, postkonflikt dövrünün məsələlərinə də konseptual yanaşma nümayiş etdirməsi, qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən etməsi, siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etməsi və dünyanın aparıcı mediasının Zəngəzur dəhlizi haqqında danışması, status məsələsinin, Dağlıq Qarabağ sözünün gündəlikdən çıxarması və əvvəlki bütün mərhələlərdə dəyişməz, prinsipial mövqe nümayiş etdirməsi, onu deməyə əsas verir ki, proseslər bundan sonra da Azərbaycanın istəyinə uyğun şəkildə inkişaf edəcək. Öz yolu, öz mövqeyi və müstəqil siyasət yürütmək potensialı olmayan Ermənistan isə bundan əvvəlki bütün iddialarında olduğu kimi, mənasız “status” oyunlarında da yanacaq...


Missiya.Az


  • 31-08-2021, 17:38