AZ   |   RU
Paşinyan Qarabağa səfərdən imtina edir - Təxribatçı plan baş tutmadı

Sentyabrın 2-də Qarabağda separatçıların “müstəqillik günü” ilə bağlı təxribat xarakterli tədbirlər keçirməyi planlaşdırdıqları barədə xəbərlər yayılır.

Ermənistan mediasının əsas müzakirə mövzularından biri də elə Qarabağda erməni əhalinin planlaşdırdığı tədbirdir. Missiya.Az xəbər verir ki, media İrəvandan hakim partiyanın nümayəndələrinin, xüsusilə baş nazir Nikol Paşinyanın və ona yaxın şəxslərin Qarabağa getməyə cürətinin çatmadığını yazır.

“Hraparak” nəşrinin iddiasına görə, ötən həftə separatçıların nümayəndəsi Artur Tovmasyan Ermənistana səfər edib və parlamentdə fraksiya rəhbərləri ilə görüş keçib, onlara şəxsən dəvətnamə verib. Bildirilir ki, Qarabağdakı separatçılar Ermənistan hakimiyyət nümayəndələrinin Xankəndiyə gəlməsi üçün əlindən gələni etsə də, onların cəhdləri uğursuzluqla nəticələnir. Məlumata görə, Ermənistanın hakimiyyət nümayəndələri Qarabağa səfər etməyə o qədər də həvəsli deyil.


Qəzet yazır ki, 44 günlük müharibədən sonra Azərbaycan tərəfi Ermənistanın hakimiyyət nümayəndələrinə Qarabağa səfər etməyə qadağa qoyub. Ona görə də hakimiyyət nümayəndləri Qarabağa səfər etməkdən çəkinirlər.

Sitat: “Ermənistanın yüksək rütbəli rəsmiləri Qarabağa getmək istəmirlər. Çünki müharibədən sonra Bakı açıq şəkildə Qarabağa səfər etməməklə bağlı tələb irəli sürdü. Əslində qadağa qoydu. Hələ bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamanki xarici işlər naziri Ara Ayazyanın Xankəndiyə səfərini qanunsuz adlandırmış, çox sərt reaksiya vermişdi”, - sitatın sonu.

Ermənistan parlamentinin spikeri Alen Simonyan sentyabrın 2-də Vyanaya səfər etməyi planlaşdırır. Onun da Xankəndiyə getmək istəmədiyi qeyd edilir. Diqqətçəkən digər məqam isə baş nazir Nikol Paşinyanın separatçıların planlaşdırdığı tədbirlər zamanı harada olacağı ilə bağlıdır. Ermənistan mediasının məlumatına görə, Paşinyan 31 avqustdan 3 sentyabra qədər məzuniyyətdə olacaq. Qeyri-rəsmi mənbələr Paşinyanın tətil üçün Rusiyanın Soçi şəhərinə getməyi planlaşdırdığını yazır. Ermənistan mediasının yazdıqlarından belə aydın olur ki, Qarabağda separatçıların keçirməyi planlaşdırdığı tədbirlərə İrəvandan rəsmi nümayəndə getməyəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilər Azərbaycan torpağıdır və həmin yerlərə icazəsiz səfərlər təşkil etmək qadağandır.


Elvin
Missiya.Az

  • 31-08-2021, 17:14