2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə yaxın qazma işləri həyata keçirilib.
Missiya.Az SOCAR-a istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 1,2 % çoxdur.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,7 milyon ton neft, 8,4 milyard kubmetr qaz hasil olunub. “2022-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən stabil qalıb, qaz hasilatında isə 4 % artım qeydə alınıb”, - məlumatda deyilir.
SOCAR bildirir ki, ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,3 % artaraq, 48,3 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 30,1 milyon tondan çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 17,8 milyon ton təşkil edib.
“Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir”, - məlumatda qeyd olunur.
Ölkə üzrə təbii qaz ixracı isə 6,9 % artaraq 23,9 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 13,4 milyard kubmetr təşkil edib.
2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.