AZ   |   RU
Yubileyin mübarək, Şərqin incisi Naxçıvan!

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan,qədimliklə müasirliyin vəhdətində inkişaf edən Naxçıvan Muxtar Respublikasının yaradılmasının bu il 100 ili tamam olur.

Prezident İlham Əliyevin  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı bütün naxçıvanlıların qəlbini riqqətə gətirdi.

9 fevral 1924-cü ildə yaradılan bu doğma diyar Azərbaycanın Şərqə açılan qapısı olmaqla zəngin dövlətçilik tarixinə malikdir.

Naxçıvan torpağında doğulub boya-başa çatan,burda ilk təhsilini  alan, bu yurdun tərəqqisi naminə hər zaman fədakarlıq göstərən Heydər Əliyevin Naxçıvana xüsusi sevgisi və ehtiramı var idi. Müdrik rəhbər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illəri çox yüksək səviyyədə qiymətləndirmişdir: “Naxçıvanda doğulmağım, böyüməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Muxtar respublikanın tarixinə nəzər salanda Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvana göstərdiyi diqqət və qayğını aydın şəkildə görə bilərik. Çıxışlarının birində Ulu Öndərimiz demişdir: “ Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq məktəblərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq posesləri gedir”

Bəli, Ümummilli Liderin çətin illərdə Naxçıvanda olması, nəinki bu diyarı,eləcə də Azərbaycanı böyük bir təhlükədən xilas edib. Dahi şəxsiyyətin müdrik siyasəti sayəsində bölgənin inkişaf və tərəqqisinin davamlılığını gerçəkləşdirmək üçün regional və beynəlxalq əlaqələr qurulub, sonrakı dövr üçün Naxçıvanın sosial-iqtisadi inkişafında möhkəm bünövrənin əsası qoyulub. Bu gün fəxrlə deyə bilər ki, muxtar respublikanın yüksəlişi  Heydər Əliyev ideyalarının təntənəsi, İlham Əliyevin inkişaf kursunun təcəssümüdür.

Ötən il Naxçıvanla bağlı qəbul edilən qərarlar bu qədim  diyarın tarixinə qızıl hərflərlə yazıldı. Naxçıvan Muxtar Respublikasını ölkəmizin əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan tarixi addımlar bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

2023-cü il sentyabrın 25-də imzalanmış Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İğdır-Naxçıvan qolunun çəkilməsinin rəsmiləşdirilməsi və muxtar respublikanın dünyaya çıxışına daha bir yol açılması Azərbaycanda yeni bir inkişafa yoluna qədəm qoymasının bariz nümunəsidir. Bu təkcə iki qardaş ölkə arasında yeni nəqliyyat marşrutu deyil, bu yol Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələr arasında əlaqələrin inkişafına da xidmət göstərəcək.

Oktyabrın 6-sı İrandan keçməklə Naxçıvanla Azərbaycanın digər əraziləri arasında yeni dəmir yolunun açılması qərarı Türk dünyasına inteqrasiyada da mühüm rol oynayacaq. Nəqliyyat dəhlizi istər yük, istərsə də sərnişin daşıma sahəsində əhəmiyyətli olacaq. Belə ki, paytaxt Bakı şəhərindən və digər ərazilərimizdən Naxçıvan Muxtar Respublikasına gediş-gəliş həm sərfəli olacaq, həm də vaxt azlığı baxımından mühüm əhəmiyyət kəsb edəcək. Naxçıvana gələn daxili turistlərin, eyni zamanda, Naxçıvandan Bakıya və Azərbaycanın digər bölgələrinə turizm səfərlərinə çıxanların sayında artım olacaq.

İnanırıq ki, qarşıdakı illərdə Naxçıvan  özünün əsl intibah dövrünü yaşayacaq. Belə ki, bu gün dünyanın bir çox ölkələri Naxçıvanla gediş-gəliş əlaqələrini möhkəmlətmək və yeni-yeni layihələr həyata keçirmək planını qurur.Bu da doğma diyarın imicini daha da artıracaq.

Özünün sürətli sosial-iqtisadi inkişafı ilə diqqət çəkən,beynəlxalq tədbirlərə ev sahibliyi edən Naxçıvan Muxtar Respublikası önümüzdəki illərdə daha da böyük uğurlar əldə edəcək.

Bir sözlə,muxtar respublikanın 100 illiyinin qeyd olunması, Zəngəzur dəhlizinin açılması, Naxçıvanın logistik mərkəzə çevrilməsi Naxçıvan blokadasını yaracaqdır.İnanırıq ki, 100 illiklə bağlı Naxçıvanda möhtəşəm və təntənəli tədbirlər təşkil olunacaq. Yaşasın Naxçıvan, var olsun bu diyarın qeyrətli, igid insanları. Yubileyin mübarək, Şərqin incisi Naxçıvan!

Nurlana Əhmədova
Missiya.Az



  • 25-01-2024, 14:25