Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) dəniz əməliyyatı keçirməyi nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu həftə ərzində Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər təqdim etməyə hazır olduqları barədə danışıqlar aparır. Bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Agentliyin mənbələrinin məlumatına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu ifadə edib.
Aİ-nin əməliyyatının ABŞ hökuməti tərəfindən formalaşdırılan “Prosperity Guardian” missiyası ilə necə əlaqəli olacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Qəzza sektorunda Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat sona çatana qədər gəmilərin Qırmızı dənizdən və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Noyabrın ortalarından bəri Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi Yəmənin üsyançı hərəkatının nəzarətində olan ərazilərdən hücuma məruz qalıb. Bundan əlavə, husilər göyərtəsində 20-dən çox ekipaj üzvü olan “Galaxy Leader” yük gəmisini ələ keçiriblər.
Husilərin hərəkətlərinə cavab olaraq ABŞ hökuməti Qırmızı dənizdə hərəkət azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və əməliyyatın hazırlandığını elan edib. Əməliyyatın iştirakçıları sırasına Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa daxil olmalıdır.