AZ   |   RU
Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyur - Dünya nəhəngi ilə əməkdaşlıq ölkəmizin qüdrətini daha da artıracaq



Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edən dünya liderlərindən biri də Çin Xalq Republikasının sədri Si Cinpin oldu. Hazırda Çin iqtisadi gücünə görə dünyanın ən qabaqcıl ölkəsidir və fövqəldövlət rolunda çıxış etdiyi üçün Si Cinpinin İlham Əliyevə təbrik məktubu göndərməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal güc dövlətlərin liderlərinin ölkə başçısına ünvanladığı məktublar onun dünyada nüfuzlu siyasi xadim olduğunun bariz nümunəsidir. 



Çin lideri dövlət başçısına ünvanladığı məktubunda şəxsi dostluq münasibətlərindən və iki ölkə arasındakı əlaqələrin önəmindən danışıb. Bundan əlavə Çinlə Azərbaycan arasındakı münasibətlərin inkişafından və dövlət başçısının bu əlaqələri daha da möhkəmləndirmək üçün atdığı müsbət addımların önəmindən bəhs olunub. Bu gün iki dövlət arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan liderinin şəxsi keyfiyyəti və onun yürütdüyü xarici siyasətin mühüm önəmi var. 


Çin bu gün dünyada iqtisadi gücünü və təsirini artırmağa davam edir. Belə bir supergüc dövlətin bu gün Azərbaycana əhəmiyyət verməsi və münasibətləri daha dərindləşdirməyə maraq göstərməsi ölkəmizin iqtisadi baxımdan daha da güclü olmasına gətirib çıxara bilər. Çünki Pekin hazırda dünyada reallaşan və reallaşdırılması planlaşdırılan bir çox iqtisadi projelərin içində yer alır. Buna misal olaraq Çinin başlatdığı bir yol bir kəmər layihəsini göstərə bilərik. Bu layihə Çindən başlayaraq və Azərbaycandan da keçməklə Avropaya kimi uzanacaq. Bu layihənin gəliri isə təxminən ildə 700 milyard dollar məbləğində qiymətləndirilir. Bu rəqəm isə kifayət qədər ciddi rəqəmdir və bu layihənin reallaşması ölkəmizin iqtisadi gücünə mühüm töhfə verəcək.


Bu gün hələ də Azərbaycanla sülh müqaviləsi imzalamayan, Zəngəzur dəhlizinin açılması öhdəliyini öz üzərinə götürən və bundan boyun qaçırmağa çalışan Ermənistan isə Hindistan kimi ölkələrlə dostluq əlaqələri qurur və ölkəsinə ildə milyardlarla dollar qazandıracaq layihələrdən kənarda qalır. Bu isə İrəvan hakimiyyətinin uğursuz siyasət apardığının sübutudur. Bu gün iqtisadi gücünə görə region ölkələrindən xeyli aşağı pillədə qərarlaşan Ermənistan hökümətinin Yeni Dehli ilə yaxınlaşmağa can atması onun növbəti dəfə məğlub vəziyyətinə düçar olmasına gətirib çıxaracaq. Görünən odur ki, İrəvan hakimiyyətini xalqın və dövlətin gələcəyi yox, şəxsi əlaqələr maraqlandırır.


Daşqın Həsənov
Missiya.Az



  • 23-12-2023, 13:47