AZ   |   RU
Bakının qətiyyətli mövqeyi və yeni reallıqları qəbul etdirmək məharəti - Amerika haqqın yoluna gəlir - ŞƏRH

Dekabrın 6-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib. Görüş zamanı tərəflər regional məsələləri və iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərini müzakirə ediblər. Bundan əlavə, dövlət başçısı iki ölkə arasındakı münasibətlərin zəngin tarixə malik olmasını və Azərbaycanın bölgədə suverenliyini bərpa etməsindən sonra sülh prosesinin bərqərar olunması üçün tarixi imkanın yaranmasını, o cümlədən ABŞ-nin də yeni reallıqları nəzərə alaraq bu prosesə töhfə verməsini O’Braynın diqqətinə çatdırıb.

Xatırladaq ki, amerikalı siyasətçi bir neçə gün bundan öncə ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış etmişdi. Və onun ölkəmiz əleyhinə çıxış etməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi zərbə vurmuşdu. O’Braynın qərəzli çıxışından sonra Rəsmi Bakı sərt mövqe nümayiş etdirərək, xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-yə gözlənilən səfərini təxirə saldı və Vaşinqtonun Azərbaycan-Ermənistan arasındakı danışıqlarda vasitəçiliyindən imtina etdi. Ancaq Bakı ilə İrəvan arasında aparılan danışıqlarda vasitəçiliyi ələ almağa çalışan Vaşinqtonun isti münasibət sərgiləyərək, Azərbaycan ilə dil tapmağa və münasibətləri əvvəlki məcraya yönəltməyə çalışacağını təxmin etmək olardı. O’Braynın qərəzli çıxışından sonra Azərbaycanın sərt mövqe nümayiş etdirməsi ABŞ Dövlət katibi Entoni Blinkeni İlham Əliyevlə danışmağa məcbur etdi və o dövlət başçısından O’Braynın Bakıya səfər etməsini xahiş etdi.

Azərbaycanın 44 günlük müharibədən sonra yeni reallıqlar yaratması demək olar ki, bölgədə bütün dəngələri dəyişdirdi və böyük gücləri yeni reallıqlara barışmağa məcbur etdi. Əvvəlcə müəyyən  güclər bunu qəbul etməməyə çalışsa da Rəsmi Bakı prinsipiallıq nümayiş etdirərək, öz mövqeyindən geri çəkilməyəcəyini diqqətə çatdırdı. Sentyabrın 19-da isə keçirilən antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü tam təmin edərək, bölgədə yeganə missiyasının “əbədi sülh yaratmaq” olduğunu nyanın diqqətinə çatdırdı.

Ötən gün amerikalı siyasətçinin ölkəmizə səfəri və İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi səmimi sözlər göstərir ki, ABŞ Azərbaycan münasibətlərin pozulmasında yox, daha da dərin inkişaf etdirilməsində maraqlıdır. O’Braynın Bakıya səfər etməsi iki ölkə arasındakı buzları əritmiş oldu. Və düşünürük ki, Vaşinqton Bakı ilə İrəvan arasında aparılan danışıqlarda yenidən fəallıq nümayiş etdirərək, tərəfləri ABŞ-yə masa arxasına dəvət edəcək.

Bakının həmişəki kimi, prinsipiallıq və dayandığı ədalətli mövqedən geri çəkilməməsi növbəti dəfə öz bəhrəsini verdi. ABŞ  da anladı ki, Azərbaycan özünə qarşı hikkəli və qərəzli davranışları qəbul etmir və onunla normal siyasi münasibətlərə uyuşmayan leksikonla danışmaq mümkün deyil. Bakının istədiyi odur ki, regionda yaratdığı yeni reallıqlar hamı tərəfindən qəbul olunsun və ölkələrarası münasibətlər sistemi də məhz yeni şəraitə uyğunlaşdırılsın. Artıq demək olar ki, ABŞ həqiqətləri qəbul etmək yolunu tutub və Azərbaycanla münasibətləri inkişaf etdirməyə maraq göstərir.

Daşqın Həsənov
Missiya.Az



  • 7-12-2023, 11:59