AZ   |   RU
Elman Rüstəmovun dediyi qatara çatmamaq təhlükəsi - Bizim elektron pulumuz nə vaxt olacaq? – Ekspert rəyi

Mərkəzi Bankın sədri Elman Rüstəmov rəqəmsal pulların istifadəsi imkanlarından danışarkən dünyada adıçəkilən onlayn valyutanın inkişaf perspektivlərinə toxunub.
 
O bildirib ki, bu sahədə dünyada ciddi müzakirələr və eksperimentlər aparılır.
 
Elman Rüstəmov qeyd edib ki, sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır.

Sitat: “Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır”, - sitatın sonu.

Qeyd edək ki, 2017-ci ilin sonlarında “Azkoin” layihəsinin rəhbəri, kriptovalyuta üzrə ekspert Sabit Fətizadənin rəhbərliyi ilə Azərbaycanda kriptovalyutanın inkişafı üçün genişmiqyaslı işə başlanılmışdı. Hətta Azərbaycanın milli kriptovalyutası “Azkoin”in pilot lahiyə kimi ictimaiyyətə təqdim olunması üçün ciddi iş aparılırdı. Prosesə layhinənin effektivliyini artırmaq üçün xarici mütəxəssislər də cəlb olunmuşdu. Amma təəssüflər olsun ki, həmin vaxt Azərbaycanda rəqəmsal valyutanın inkişafına pessimist yanaşıldı və bu səbəbdən də “Azkoin” layihəsinin genişlənməsi prosesi arzulanan hal almadı.
 
Sabir Fətizadə 2017-ci ildə Trend agentliyinə verdiyi müsahibədə elektron valyutların gələcəyi ilə bağlı proqnozlar da vermişdi.

Həmin müsahibədən sitat: “Əlbəttə, hər bir yeni texnologiyanın və ya hansısa yeni sistemin tətbiqi ilkin dövrlərdə müəyyən çətinliklər yarada bilər. Amma bu heç də o demək deyil ki, biz bundan qorxub qloballaşan dünyanın yeni tələblərinə uyğunlaşmamalıyıq. Mən inanıram ki, Azərbaycan bu sahədə də MDB ölkələri sırasında lokomotiv rolunu oynamaqla daha bir nümunə yarada bilər. Əslində pulların elektronlaşması prosesinin geri dönüşü yoxdur. Qarşıdakı illərdə biz dünya ölkələrinin ardıcıllıqla bu prosesə qoşulduğunun şahidi olacağıq. İnanıram ki, vaxt gələcək, Azərbaycanın özünün, məsələn, AZkoin adlı elektron valyutası olacaq” – sitatın sonu.
 
Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəqamsal valyuta ilə bağlı son açıqlamasından aydın olur ki, artıq Mərkəzi Bank prosesi düzgün qiymətləndirir və bu çox yaxşı haldır. Amma Azərbaycanda kriptovalyutanın inkişafı ilə bağlı suallar hələ də qalmaqdadır.
 
Aydın məsələdir ki, Azərbaycan regionda prosesin aparıcı ölkəsi olmaq şansını itirib. Biz hörmətli Elman müəllimin dediyi qatarın doğrudan da lokomotivi ola bilərdik. Alınmadı, bu günü 5 il əvvəl görməyi bacaranların proqnozlarına əhəmiyyət verilmədi. Olsun, indi biz qatardakı sərnişinlər sırasında yer axtarmağa başlamışıqsa, bunun özü də müsbət dəyişiklikdir.

Bəs Azərbaycanda rəqəmsal valyutanın inkişafı üçün hansı işlər aparılmalı, mövcud problemlər necə aradan qaldırılmalıdır?
 
İqtisadçı ekspert Rəşad Həsənov Missiya.Az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın rəqəmsal valyutanın Azərbaycanda inkişafına yanaşması doğrudur.
 
Sitat: “Azərbaycan adətən bir çox məsələlərdə daha konservativ mövqe sərgiləyir, bəzi dövlət qurumları zamanında müasir texnologiyaların inkişafına adekvat cavab vermirlər. Bunun nəticəsində ölkə ictimaiyyəti və iqtisadiyyatı müasir texnoloji proseslərdən geri qalır. Əgər xüsusilə rəqəmsallaşmaq qarşıya məqsəd kimi qoyulubsa, bu kimi yeni çağırışlara hökumətin aidiyyəti qurumlarının daha çevik reaksiya verməsi faydalıdır. Bu, ölkənin müasir texnoloji inkişafdan geri qalması ehtimallarını qismən azaldır. Mərkəzi Bankın rəqəmsal valyutaya yanaşması doğrudur, amma çevikliyin artırılmasında fayda var. Bildiyim qədər rəqəmsal valyutalarla bağlı işçi qrupu yaradılıb. Həmin işçi qrupu kriptovalyutanın inkişafı istiqamətində müəyyən araşdırmalar və təhlillər aparır”, – sitatın sonu.

Azərbaycanda rəqəmsal valyutanın inkişaf etdirilməsinə toxunan Rəşad Həsənov bildirib ki, bu sahənin inkişafında mövcud infrastruktur çox vacibdir.

Sitat: “Azərbaycanda nəinki kriptovalyuta bazarı hətta son 100 ildə inkişaf etməkdə olan qiymətli kağızlar, səhm bazarı və birjalar belə inkişaf etməyib. Həmçinin ölkəmizdə son 20-25 ildə sürətlə həyatımıza daxil olan nağdsız ödəmələrin özü problemlidir. Əksər hallarda ödəmələrin 85-90 faizi nağd şəkildə həyata keçirilir. 8 milyon kart varsa, onlardan 7 milyonu kartdan yalnız nağdlaşdırma üçün istifadə edir. Hələ ki Azərbaycanda onlayn ödənişlərə maraq azdır. Bilirsiniz ki, kriptovalyuta bazarının inkişaf tarixi son 10 ili əhatə edir. Kriptovalyutaların inkişafı üçün cəmiyyətin dijital bacarıqlarının olması çox vacibdir. Bu bacarıqlar yüksək olduğu təqdirdə, qeyd olunan innovativ ideyaları, o cümlədən kriptovalyutalardan istifadəni cəmiyyətin həyatına, iqtisadiyyata ödəniş sistemi kimi inteqrasiya etdirilməsi asanlaşar” – Sitatın sonu.
 
İqtisadçı Azərbaycanda kriptovalyutaların inkişafına nail olmaq üçün rəqəmsal valyuta ilə bağlı qanunvericiliyin təkminləşdirilməsinin vacibliyini də vurğulayıb.
 
Sitat: “Azərbaycanda mövcud olan qanunvericilik müəyyən mənada bu istiqamətdə təşəbbüsləri məhdudlaşdırır. Xüsusilə kriptovalyutanın alışı və ya satışı zamanı vergilərin tutulması və.s xərcləri əhəmiyyətli dərəcədə artırır. Belə olan təqdirdə bu bazarda gəlir əldə etmək imkanı aşağı düşür. Bu səbəbdən insanlar kriptovalyutaya daha az meyil göstərir. Buna baxmayaraq, müəyyən bir qrup insanlar kriptovalyuta bazarının iştirakçısıdırlar. Amma təbii ki, dövrüyyə kiçikdir”, - sitatın sonu.

İqtisadçının sözlərinə görə, konsaltinq şirkətlərinin özünün zəif inkişaf etməsi, digər ölkələrlə müqayisədə Azərbaycanda kriptovalyuta, onun mahiyyəti, istifadə üsulları kimi məsələlərin təbliğatında əngəllər yaradır.

Sitat: “Gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində artıq müəyyən konsaltinq şirkətləri və vətəndaş cəmiyyəti inistutları, hətta media orqanları belə bu məsələni gündəmə gətirə bilər. Çünki kriptovalyutalardan istifadə dünyanın diqqətində olan məsələdir. Bu məsələni gündəmə gətirməklə yaxşı layihələrlə çıxış edə, vəsaitlər cəlb edib, təbliğat-təşviqat, maarifləndirmə kampaniyalarını geniş şəkildə təşkil edə bilərlər. Artıq bir sıra xarici şirkətlər mərhələli şəkildə kriptovalyutanı öz ödəniş sisteminə daxil ediblər. Məsələn, bu yaxınlarda “Amazon” şirkəti artıq kriptovalyutanın hansısa formada ödəniş vasitəsi kimi istifadə olunması ilə bağlı araşdırmalara başlayıb. Arıtq böyük şirkətlər bu məsələdə ortaya mövqe qoyurlar. İctimaiyyətin və biznesin yaratdığı tələb kriptovalyutanın ödəniş sisteminə daxil olmasına çox ciddi təşviq və dəstək göstərmiş olur. Bu istiqamətdə təhlillər aparılmalı, kriptovalyuta bazarı, bazarın gələcək üçün yaratdığı yeni çağırışlar öyrənilməlidir. Digər tərəfdən, hüquqi baza mərhələli şəkildə təkminləşdirilməlidir. Çünki Mərkəzi Bank sədrinin özünün də dediyi kimi qatar gedirsə, onunla getmək lazımdır. Əgər qalırsansa, deməli gecikirsən”, - sitatın sonu. 
 
Ümid edirik ki, bundan sonra Azərbaycanda kriptovalyutaların ödəniş vasitəsi kimi qəbul olunması prosesində sürətli irəliləyiş əldə olunacaq. Hər halda, Mərkəzi Bankın sədri bu xüsusda ümidverici mövqe nümayiş etdirdi. Yox əgər biz yenə də prosesi sadəcə müşahidə etməklə məşğul olacağıqsa, bu halda qatara minmək bir yana, heç bilet kassasında növbəyə də düşə bilməyəcəyik… 

Elvin Məmmədov
Missiya.Az


  • 4-08-2021, 16:00