AZ   |   RU
Qərbi Azərbaycana Qayıdış məsələsi Naxçıvan Dövlət Universitetinin gündəlik fəaliyyət istiqamətidir

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. 


2020-ci ildə Azərbaycan Prezidentinin siyasi iradəsi,  diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm qələbə yeni reallıqlar yaratdı. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. 


Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana qayıdış gözləyir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”. Bu hədəfi Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. Butün istiqamətlərdə olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin gündəlik  fəaliyyət istiqamətinə çevrilib. Universitet əməkdaşlarının, alimlərin elmi fəaliyyətlərində əsas tədqiqat sahələrindən birinə çevrilib. Qərbi Azərbaycanın tədqiqi ilə bağlı bir çox istiqamətlər tədris planlarına salınıb. Belə ki, əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrədilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında  "Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Qərbi Azərbaycanın toponimikası”, “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” xüsusi fənlər kimi növbəti tədris ilindən keçirilməsi nəzərdə tutulub.


Digər tərəfdən ölkədə ilk dəfə olaraq 23-24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres keçirildi. Festival/Konqresin əsas məqsədlərindən biri də tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işılandırılmasına nail olmaq, ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaq idi.


Festival/Konqresdə Müzəffər Ali Baş Komandan, Ölkə Prezidentinin ziyalılar, tədqiqatçılar qarşısında qoyduğu strateji tapşırıqların icrası istiqamətində ölkə alimləri, mədəniyyət və sənət adamları bir araya gəldi. Qərbi Azərbaycandan zorla köçürülən soydaşlarımız bu elmi, mədəni-kütləvi tədbirlərdə birləşdi.


Ölkə Universitetlərinin rəhbərləri, professor-müəllim heyətləri, Qardaş Türkiyə Cümhuriyyətinin qabaqcıl universitetlərinin rektorları, alimləri mühüm və zəruri mövzuda bir araya gəldi. Son yüzillik tariximizdə ilk dəfə Qərbi Azərbaycan maddi-mədəniyyət nümunələri, sənət əsərləri, ailə-məişət ənənələri, milli geyim kolleksiyaları, zəngin folklor və şifahi xalq ədəbiyyatı nümunələri, mahnıları, yallıları, aşıq havaları, rəqslər təqdim edildi. Mövzu ilə bağlı filmlərin təqdimatı, kulinariya nümunələri, tarixi və müasir rəsm əsərləri, dekorativ tətbiqi sənət əsərləri, kitab, monoqrafiya, məqalələr, yaradıcılıq nümunələri kompleks şəkildə nümaiş olundu. Ölkəmizin müxtəlif elm, təhsil müəssisələrinin alimlərinin 200-dən artıq mövzuya dair məruzələri dinlənildi. 


Müzəffər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi: “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir” hədəfi istiqamətində Festival/Konqresin bütün iştirakçıları öz birlik və əminliyini bir daha ifadə etdi.


Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi bundan sonra da gündəlik fəaliyyətində Qərbi Azərbaycana, öz ata-baba torpaqlarımıza qayıtmaq yolunda tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq hüquq prinsiplərinin təmin olunması istiqamətində uğurla fəaliyyət göstərəcəkdir. 


Arzu Abdullayev
NDU-nun prorektoru,
tarixçi alim



  • 26-11-2023, 14:14