Ölkə Prezidenti İlham Əliyev sayəsində Azərbaycan öz yeni tarixində siyasi və iqtisadi uğurlar əldə etmiş, ölkəmiz Qarabağ problemini tamamilə həll edərək müharibədə Böyük Qələbə qazanmışdır. Belə ki, dövlət başçımızın 20 il ərzində həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı qalib ölkə kimi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. İndi isə Azərbaycanın qarşısında bir məsələ var ki, Ermənistanla sülh müqaviləsi imzalamaq. Lakin məğlub Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayınır. Səbəb isə məlumdur ki, bu bədbəxt ölkə Qərbin oyuncağına çevrilib. Təkcə elə Fransa dövlətini misal çəksək, deyə bilərik ki, bu ermənipərəst dövlət Azərbaycanın qələbəsini həzm etməyərək sülh danışıqlarına maneə olmağa çalışır.
Azərbaycan-Ermənistan arasındakı münaqişədə E. Makronun tutduğu mövqe sanki düşmən ölkənin mövqeyidir. Azərbaycana qarşı qərəz Fransanın dövlət siyasətinə çevrilib. Fransa dövləti bunu nə qədər gizli saxlamağa, neytral görünməyə çalışsa da Ermənistan hər zaman Fransaya güvənib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Makronun pis xisləti istər 44 günlük müharibədə, istərsə də antiterror əməliyyatında açıq-aydın göründü.
Sözsüz ki, istər Ermənistanı silah-sursatla təmin etmək, istərsə də siyasi mərhələdə Fransanın dəstəyi ermənilərə kömək edə bilmədi. Fransa dövləti anlamır ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi, Ermənistanın sülh müqaviləsini imzalamadan başqa əlacı qalmayıb. Qarabağ problemimiz tamamilə həll olunub. Azərbaycan dövləti artıq diqqəti öz parlaq gələcəyinə yönəldib. Qərb dövlətləri, eyni ilə Fransa Azərbaycanın Qələbəsini, həm də Ermənistanın məğlubiyyətini həzm etmək məcburiyyətindədir.
Fransa Azərbaycanın atdığı hər bir addımın ədalətə söykəndiyini çox yaxşı bilir. Sadəcə ,Azərbaycanda öz ölkəsində olmayan düzgün siyasəti görüb qəbullana bilməyərək çaxnaşma yaratmaq istəyir. Tarixə nəzər salsaq görərik ki, Fransa dünya siyasətinə ədalətsizlikdən başqa heç nə verə bilməyib. Təsadüfi deyil ki, son günlərdə “Report”a açıqlamasında Fransada “Les Oranges” Assosiasiyasının lideri, əlcəzairli Mhamed Kaki Makronun ünvanına mənfi sözlər səsləndirərək deyib: "Onu maraqlandıran sadəcə gücdür. Güc haradadır, o da oradadır. Biz əlcəzairəsilli fransızlar Fransada 6 milyonuq. Biz seçki ərəfəsində onun yadına düşürük, yanımıza səslərimizi almaq üçün gəlir. Sözlər verir, amma seçkini udduqdan sonra bunları unudur”. Baxın, bir ölkənin başçısı ki,verdiyi vədlərə əməl etməməklə, yalanla məşğuldursa ondan nə gözləyə bilərik? Ölkəsində hərc-mərcliyə, insanların haqları ilə oynamağa çalışan Makron başqa ölkələrdə “qanun” yaratmaq niyyətindədir. Bu gülünc vəziyyətdən isə əl çəkmək belə istəmir.
Fransızlar son illərin təcrübəsinə nəzər yetirsələr görərlər ki, Azərbaycana təzyiq göstərmək heç bir ölkənin əldə edəcəyi bir şey deyil. Necə ki, son günlərdə Ermənistan mətbuatında dərc olundu ki, “Azərbaycan heç nədən çəkinmir. Azərbaycan Milli Məclisi ABŞ Konqresinin əleyhinə bəyanat verə bilir, Ermənistan parlamenti isə verə bilmir”.
Ölkəmiz beynəlxalq münasibətlər sistemində öz yerini, tərəfdaşlarını sərbəst şəkildə müəyyən edə bilən güclü dövlətdir. Hansısa ölkənin qərəzli münasibəti, düşüncəsiz siyasəti mövqeyimizi dəyişə bilməz.
Azərbaycanın hər bir vətəndaşı ölkəmizin daha da güclü olması üçün hansı sahədə işləməsindən asılı olmayaraq, çalışdığı sahəyə öz müsbət töhfəsini verməlidir. Sözsüz ki, Azərbaycanın Zəfər qazanmasını gözü götürməyənlər yeni təxribatlar törətməyə çalışacaqlar. Buna görə də hər birimiz hər an ayıq-sayıq olmalı, vətənimizi qorumalıyıq.
Nurlana Əhmədova
Missiya.Az