“Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşib və güclənib. Aparılan islahatlar nəticəsində 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2.5 dəfə, orta aylıq pensiya 2.1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2.1 dəfə, əmək haqqı fondu 2.6 dəfə artıb, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb”.
Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsinin təqdimatı zamanı deyib. M.Quliyev bildirib ki, müzakirənizə təqdim olunan 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutaraq tərtib edilib: “Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.
Fondun gəlirlərinin 5 milyard 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”.
Missiya.Az