AZ   |   RU
229 nömrəli tam orta məktəbdə şəhid Əsəd Əsədlinin anım günü tədbiri keçirildi - FOTOLAR


 

Bakı şəhəri, Nizami rayonu Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin şəhid məzunu Əsəd Əsədli Mahir oğlunun anım günü ilə bağlı tədbir keçirilib.

Missiya.Az xəbər verir ki, öncə şəhid məzunların xatirə abidələri önünə gül dəstələri düzülüb. Sonra məktəblilərə söz verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şagirdlər məktəbin tarix müəllimi Nərgiz Məmmədovanın ssenarisi əsasında “Biz bu gün hamımız Əsəd olmuşuq” adlı musiqili kompozisiya nümayiş etdiriblər.

Daha sonra Vətən müharibəsi iştirakçısı, rejissor Nicat Cəlilovun Əsəd haqqında çəkdiyi qısametrajlı filminin təqdimatı olub.

Məktəbin direktoru Vüsalə Məmmədova  şagirdlərin çıxışlarına, filmə münasibətini bildirib və öz ürək sözlərini bölüşüb. O, həmçinin, həmin tarixə təsadüf etdiyi üçün Əsədin anası Səidə Abbasovanın doğum gününü də təbrik edib.

Şəhid anasına hədiyyələr təqdim olunub.

Səidə Abbasova və Əsədin qardaşı da çıxış üçün söz alıblar. Onlar şəhidə aid xatirələrindən danışıblar və tədbirə görə təşəkkürlərini ifadə ediblər.

Sonda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və müəllimlər çıxış ediblər.

Zərintac Mayisqızı
Missiya.Az





  • 14-11-2023, 15:58