Təqdim etdiyimiz fotolar Gəncə şəhərində çəkilib. 20 ildir ki, şəhərin mərkəzi küçələrindən birinin ərazisi hasarlanıb. Gördüyünüz kimi, üzərində də yazılıb "müvəqqəti narahatlıq". Ərazi 20 il ərzində əməlli- başlı zibilliyə çevrilib. Şəhərin mərkəzində antisanitar vəziyyət hökm sürür. Bu yaxınlarda sərnişin avtobusu da elə ərazidəki xəndəyə düşmüşdü...
Elmar Vəliyevin Gəncəyə vurduğu zərərlərdən daha biridir bu "müvəqqəti narahatlıq" yaradan ərazi. Gül kimi qırmızı kərpicdən tikilmiş tarixi binanı söküb yerində qızıl axtarmağa başladı, sonra da gördüyünüz vəziyyətdə qoyub getdi. İndiki başçı da Gəncəyə xüsusi sevgisi ilə seçilmir. Ümumiyyətlə, belə təsəvvür var ki, indiki icra başçısı, Gəncədə sadəcə vaxt öldürməklə məşğuldur, ona görə də əlini ağdan qaraya vurmur.
Bu "müvəqqəti narahatlıq" yaradan zibilliyi ləğv etmək bu qədərmi çətindir?...
Bu şəhərin günahı nədir ki, ona bu qədər qənim kəsilirlər?
Gəncədən söz düşmüşkən şəhərdəki başqa problemdən də danışım. Məsələn, Elmar Vəliyevin Gəncədəki iş adamlarına, sahibkarlara, eləcə də mülklərindən məhrum edilmiş ayrı-ayrı fərdi şəxslərə olan külli miqdarda borcundan söz açmaq olar ki, bu da elə illərdir həll olunmamış qalan ciddi problemdir. İnsanları faktiki olaraq müflis edib, bank kreditləri altına salıb, axırıncı pullarını da əlindən alıb. Şəhərin hazırkı rəhbərliyi vətəndaşların problemlərinin çözüm yolunu tapmaq istiqamətində əməli addımlar atmaq əvəzinə, məsələni faktiki olaraq ört-basdır etməklə məşğuldur. Dövlətinə, prezidentinə bağlı olan insanlar abır edib danışmırlar. Gözləyirlər ki, bəlkə Elmar Vəliyev insafa gəlib, onlara dəymiş ziyanı ödəyəcək. Amma bir tərpəniş yoxdur. Camaatın istədiyi odur ki, sözügedən məsələnin, yəni insanlara vurulmuş ziyanın miqyasını dəqiq müəyyənləşdirmək məqsədilə reyestr yaradılsın. Nədənsə indiki başçı heç olmasa bu istiqamətdə hərəkət eləmək, gəncəlilərə kömək əlini uzatmaq istəmir. Vəziyyət isə çox ciddidir. Dədə-baba mükləri dağıdılmış, məcburən bankdan böyük məbləğlərdə kredit götürməyə məcbur edilmiş insanlar, bir birinin ardınca infarkt keçirir, yatağa düşürlər.
Hər dəfə Gəncəyə gedəndə bu insanları dinləyib ürək ağrısı keçiririk. Elmar Vəliyev isə Mixaylovka kəndində oturub, övladlarına xaricdən bahalı maşınlar sifariş etməklə məşğuldur... Gəncə camaatına milyonlarla ölçülən həcmdə borcu olan adamın tükü də tərpənmir. Bunu da insanlar sinirə bilmir axı. Haqlı olaraq sual edirlər ki, pulları kim ödəyəcək? Elə şeylər var ki, adam dərinə gedib yaza bilmir. Bu qeydlərimizi də ə məmurlar məhz dövlət maraqlarının təəssübkeşliyindən irəli gələn siqnal kimi qəbul etsinlər. İnsanlara kömək etmək lazımdır!!!
Barı heç olmasa Cümhuriyyətin ilk Parlamentinin binasının yanındakı zibilxananı ləğv etsinlər. Ayıbdır!!! Cənab Prezidentin bilavasitə təşəbbüsü ilə DÖVLƏTİMİZ Cümhuriyyət Parlamentinin binasına xeyli vəsait ayırıb, aparılmış təmir-bərpa işlərinin nəticəsində bina göz oxşayan şəkil alıb. Bu gözəlliyin "sol çiynindəki" ərazidə isə zibil çuxuru yaradılıb. Vallah belə olmaz! Belə olmamalıdır!
Bu yazdıqlarımızı Gəncəyə ağı kimi də qəbul edə bilərsiz...
Mövzuya qayıdacağıq.
Elcan Uğurlu
Missiya.Az
