
44 günlük müharibədə zəfər qazanan Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri bölgədə qalan erməni silahlı birləşmələrinin tərkisilah edilməsi idi. 9 noyabrda imzalanan üçtərəfli bəyanatda Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olmasına paralel erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması nəzərdə tutulurdu. Ancaq buna baxmayaraq, Ermənistan tərəfi bundan boyun qaçırdı. Rəsmi Bakı bununla bağlı dəfələrlə İrəvana xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın bu tələbinin qulaq ardına vururdu. Erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğunu davam etdirməsində İrəvanla yanaşı Moskva maraqlı idi. Hətta Rusiya sülhməramlı qüvvələrinin separatçılara silah-sursat daşımasını əks etdirən videoları dəfələrlə görmüşük.
Erməni silahlı birləşmələrinin Qarabağda çıxarılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında Ermənistana xəbərdarlıq edib. Dövlət başçısı hətta bölgədə antiterror əməliyyatlarının keçiriləcəyi ilə bağlı müxtəlif mesajlar da vermişdi. Ancaq İrəvan Azərbaycanın bütün xəbərdarlıqlarına məhəl qoymayaraq, separatçıları Qarabağdan çıxarmaq niyyətində deyildi. Və belə olduğu halda bölgədə antiterror əməliyyatlarının keçirilməsi qaçılmaz oldu.
Azərbaycan ordusu 2023-cü ilin sentyabrın 19-da bölgədə antiterror əməliyyatlarının icrasına başladı və cəmi 23 saaat 51 dəqiqəyə Erməni silahlı birləşmələrini ağ bayraq qaldırmağa məcbur etdi. 1 günlük Anitteror əməliyyatlarından sonra separatçılar süquta uğradıldı və Qarabağdakı “Artsax Respublikası” ömürlük tarixin zibil qutusuna qərq oldu. Və bununla da Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı və Ağdərədə öz suverenliyini bərpa etdi. Oktyabrın 15-də isə İlham Əliyev Xankəndiyə səfər edərək, orada Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının Xankəndidə bayraq ucaltması 44 günlük müharibədə qazanılan zəfərə bərabər bir qələbə idi. Bu, həm də Zəfər gününü tamamlayan bir uğur kimi tarixə düşdü.
Antiterror əməliyyatlarından sonra separatçı rejimin ləğv edilməsi və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi İlham Əliyevin ölkə tarixində nə qədər önəmli şəxsiyyət olduğunu bir daha ortaya qoymuş oldu. Dövlət başçısı bəlkə də heç kimin inanmadığı bir tarixi missiyanı gerçəkləşdirdi və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. İndi isə tam əminliklə deyə bilərik ki, bütün ömrünü və siyası karyerasını Azərbaycan və onun xalqı yolunda həsr edən edən Ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi vaxtlar da onun başlıca məqsədi işğal altındakı torpaqları geri qaytarmaq idi. Ümummilli liderin bu arzusunu onun layiqli davamçısı İlham Əliyev yerinə yetirdi. Dövlət başçısı 2020-ci il 8 noyabrda Şuşanın azad olunmasından sonra çıxışında bildirdi ki, mən ata vəsiyyətini yerinə yetirdim, indi onun ruhu şaddır. İlham Əliyevin bu qələbəsi Ulu Öndərlə yanaşı həm də tariximizin müxtəlif mərhələlərində önəmli qələbələr qazanmış Eldənizin, Cavanşirin və Şah İsmayıl Xətai kimi hökmdarların da ruhu şaddır.
Daşqın Həsənov
Missiya.Az