AZ   |   RU
DYP yollarda çalışanların təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması ilə bağlı bir daha müraciət edib.


Bu barədə Missiya.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib.

“Paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmağı və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almağı xahiş edirik. Təbii ki, bütün piyadaların yol hərəkətinin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməsi həyati əhəmiyyətli və vacibdir. Lakin unutmaq lazım deyil ki, piyadaların təhlükəsizliyə ciddi şəkildə riayət etməsi ilə yanaşı, sürücülərin də hərəkət iştirakçılarına münasibəti son dərəcə diqqətli olmalıdır. Kommunal sahədə çalışan əməkdaşların avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunmasına baxmayaraq, müəyyən sürücülərin diqqətsizliyi bəzən xoşagəlməz ağır hadisələri də qaçılmaz edir. İlk öncə, paytaxtın mühitinə, relyefinə düzgün yanaşmağı, ətraf mühiti çirkləndirməməyi, kommunal sahədə çalışan əməkdaşların əziyyətini artıran hərəkətlərə yol verməməyi və yollarda bu növ xidməti göstərən şəxslərə qarşı diqqətli olmağı xahiş edirik”, müraciətdə deyilir.



  • 30-10-2023, 18:20