Əlbəttə, üzücü nəticə oldu. Könül istərdi ki, Avropada yeganə təmsilçimiz, səfər oyunlarında parlaq qələbələr qazanmış “Qarabağ” Almaniyadan da ürəkaçan nəticə ilə geri dönsün. Lakin olmadı, komandamız Alman maşınının qarşısında faktiki olaraq tab gətirə bilmədi... “Bayer” göz görə-görə komandamızı meydanda əsir-yesir vəziyyətinə salmışdı. Almanların sürəti, texniki keçidləri elə səviyyədə idi ki, “ağ-qaralar” başlarını itirmiş kimi görünürdülər.. Bizimkilər göz açmağa belə macal tapmadılar. Fikir verirdinizsə,futbolçularımız topu belə ayaqlarında saxlaya bilmirdilər. Yəqin ki, siz də bizim kimi hisslər yaşamısınız,oyuna baxarkən. Əminəm, qapımıza vurulan hər bir top bağrınızı göynədib. Yox, elə başa düşməyin ki, “Qarabağ”ı qınamaq, Qurban Qurbanova futbol dərsi keçmək niyyətindəyik. Qətiyyən. Biz sadəcə dünənki oyundakı qanunauyğunluğa diqqət yetirmək istəyirik.
“Qarabağ”ın Almaniya futbolunun hazırkı lideri “Bayer”ə 5:1 hesablı məğlubiyyətində əslində qeyri-adi heç nə yoxdur. Almaniya təmsilçisi bütün göstəricilər üzrə “Qarabağ”ı xeyli geridə qoyur. Söhbət, məhəllə çempionatı təsiri bağışlayan Azərbaycan premyerliqasının lideri ilə dünya reytinqində öncüllər sırasında olan, canavarların cəmləşdiyi Alman Bundes liqasının liderinin qarşılaşmasından gedirsə, biz hələ şükür etməliyik ki, oyunda basketbol hesabı qeydə alınmadı....
“Qarabağ”ın Avropa oyunlarından əvvəl evdə qarşılaşdığı komandalara diqqət edin, bir də “Bayer”in Almaniyadakı rəqiblərinə. Biri var, məsələn, “Turan Tovuz”la oynayasan, biri də var ”Bavariya”, “Borusiya Dortmunt” kimi əjdahalarla qarşılaşıb təcrübə artıra, Avroliqa oyunlarına hazırlaşasan . Axı bizim daxili çempionatda “Qarabağ”la aşağı-yuxarı rəqabət apara biləcək klub yoxdur. Yazıq “Qarabağ” kiminlə oynayıb, Avropa oyunlarına hazırlaşsın, təcrübə artırsın?
Yəni qısası, Azərbaycan futbolu hansı səviyyədədirsə, “Bayer”- “Qarabağ qarşılaşmasının nəticəsi də buna ekvivalentdir. Odur ki, gəlin “Qarabağ”ı qınamaqdan, qeydə alınmış nəticəyə görə xoşagəlməz fikirlər səsləndirməkdən, sosial şəbəkələrdə lağ-lağı postlar paylaşmaqdan çəkinək. Unutmayaq ki, bizə qələbə sevincinin nə olduğunu məhz “Qarabağ” öyrədib. Avropa meydanlarında parlaq qələbələri ilə bizə fəxarət dolu günlər yaşadıb. Bu o vaxtlar idi ki, hələ şanlı Qarabağ zəfərimiz heç üfüqdə də görünmürdü. Gəlin, bir yerdə sadəcə futbolumuzun bu gününə ağlayaq. Hətta mən deyərdim ki, gəlin dizimizi döyək, saçımızı yolaq ki, niyə Qalib ölkənin, qüdrəti ilə bu gün dünyada özündən bəhs etdirən Azərbaycanın futbolu səviyyəsizlik sindromundan qurtula bilmir? Almaniyadakı ağır məğlubiyyət “Qarabağ”ın günahı deyil, bu nəticə Azərbaycan futbolunun miskin mənzərisinin şəklidir. Hələ bu bərbad durumda belə “Qarabağ”Avroliqanın qrup turnirinin liderlərindəndirsə, bunun özü nəsə izaholunmaz bir şeydir. Daxili çempionatı, milli komandası yaman gündə olan bir klubun Avropa nəhəngləri ilə qarşılaşması, bir çox hallarda isə onlara qalib gəlməsi fantastik nəticədir. Hə, əziz izləyicilər, “Qarabağ”ın uğurları bütün ölkə adına olduğu kimi, onun uğursuz çıxışına da hamılıqla şərik çıxmalı, komandamızı bundan sonra da sidq ürəklə dəstəkləməliyik. Qarşıda “Qarabağ”ın hələ çox qələbələri olacaq.
Nə vaxta qədər ki, milli çempionatımızdakı klubların səviyyəsi yüksəlməyəcək, nə vaxta qədər ki, düz əməlli milli komanda formalaşdıra bilməyəcəyik, dünənki aqibəti çox yaşamalı olacağıq.
Leyla SƏMƏNDƏR
Missiya.Az