AZ   |   RU
29 günlük döyüş yolu-şəhid Bayram Məmmədov

Bayrağı bayraq edən üstündəki qandır,
Torpaq- uğrunda ölən varsa vətəndir!

Gənclik ruhu çılğın olur. Bu çılğınlığa cəsarət qatılanda isə qəhrəmanlıq olur. Vətən Müharibəsi başlayanda əsgər Bayram Məmmədovun hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalmışdı.  Üç gün sonra tərxis olunacaq, yolunu gözləyən, onu min bir əziyyət və məhrumiyyətlə böyüdüb boya-başa çatdıran anasının yanına qayıdacaqdı. Qəlbində min bir arzusu, istəyi vardı. Hərbi xidmətdən sonra ailəsinə dayaq olacaq, xəyallarını gerçəkləşdirəcəkdi vətən qəhrəmanı. Müharibə bir çox yoldaşları kimi onun da bu arzuların reallığa çevrilməsinə imkan vermədi. Kəşfiyyatçı əsgər kimi ön cəbhəyə atıldı, erməni işğalçılarına qarşı rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucaldı.


 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Bayram Məmmədovdur.


 Məmmədov Bayram Elnur oğlu 11 aprel 2001-ci ildə Samux rayonu Karayeri kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə savaşa qatılıb. Həqiqi-hərbi xitmətinin bitməsinə cəmi üç günü qalmışdı. Ana vətənin qoynunda yenə də qan tökülürdü. Narahat ruhlar qisasa səsləyirdi. Öz davranışı, xarakteri, bacarığı ilə əsgər və döyüş yoldaşlarının, hərbi komandanlığın yaddaşında dərin iz buraxan Bayram Məmmədovun uşaqlığı, gəncliy məşəqqətli keçmişdi. Ana və bacısı ilə tək yaşayan Bayram evin kişisi sayılırdı. Keşməkeşli həyat onu bərkitmiş, iradəsini möhkəmlətmişdi. Vətənpərvər yetişməsində həm anasının, həm də onu yetişdirən müəllimlərinin böyük payı vardır. Həqiqi-hərbi xidmətə başladığı ilk günlərdən komandirlərin diqqətini özünə cəlb edə bilmişdi. 


Onun qətiyyəti, nizam-intizamı, mərdliyi, silah-sursatla davranış qaydalarını dərindən mənimsəməsi komandanlığın diqqətindən yayınmır. Bayram  hərbi andı qəbul etdikdən sonra gənc əsgərlər bölüyündən birbaşa kəşfiyyat bölüyünə cəlb edilir. Həmin vaxtdan etibarən kəşfiyyat bölüyündə xidmətini davam etdirir. Kəşfiyyatçılardan yüksək mənəvi, psixoloji, döyüş keyfiyyətləri və peşəkarlıq, eləcə də bölmələrin döyüş uzlaşması tələb olunur. 


Buna görə də Bayram digər əsgər yoldaşları kimi davamlı təlimlərə, taktiki-texniki dərslərə cəlb olunub. Özünü bacarıqlı kəşfiyyatçı əsgər kimi göstərən qəhrəman şərti düşmən ərazisinə soxularaq onun canlı qüvvə, hərbi texnikasının yerinin və sayının müəyyənləşdirilməsi, kəşfiyyat məlumatlarının əldə edilərək komandanlığa çatdırılması kimi çoxsaylı təlimlərdə xüsusilə fərqlənir. Şücaətinə görə hərbi hissə və korpus komandanlığının təşəkkürünə, diplomlarına layiq görülür. 


Bayram Məmmədov hər bir azərbaycanlı gənc kimi həsrətin bitməsini, işğala son qoyulmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirdi. Və məhz bu istəyi reallaşdırmaq üçün də Vətən Müharibəsinin iştirakçısına çevrilib. Düşmənin bütün cəbhə boyu hücum cəhdinə cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücuma keçməsi xəbərini hərbi-hissə komandanlığı şəxsi heyətə çatdırandan sonra Bayram Məmmədov da önə çıxaraq döyüşlərə qatılmaq istədiyini bildirib. 2020-ci il sentyabrın 27-dən oktyabrın 25-ə kimi – şəhid olduğu günə qədər bir çox döyüşlərdə, o cümlədən Füzulinin, Xocavəndin yaşayış məntəqələrinin erməni qəsbkarlarından azad edilməsi əməliyyatlarında iştirak edir, kəşfiyyatçı və atıcı olaraq döyüş şücaəti göstərib.
 

Qarabağın azadlığı uğrunda qızğın döyüşlər gedirdi. Bayram da vətən qarşısında borcunu ödəmək üçün cəsarətlə vuruşurdu. 20 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində güclü döyüşlər gedirdi. Bayram da döyüş yoldaşları kimi düşmən üzərinə hücuma keçmişdi. 25 oktyabrda döyüşdə ağır yaralanan Bayram Məmmədov şəhadətə yüksəlir. 


Bayram Məmmədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bayram Məmmədov ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunub.



 Anası anası Gülnarə xanım oğlundan hər zaman fəxrlə danışır. Deyir:”Vətənpərvərlik ruhunda tərbiyə alan, mənəvi-psixoloji durumu yüksək olan Bayramı torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi faktı daim narahat edib. O, bir gün bu işğalın bitəcəyinə inanaraq, qisas alacağını düşünərək böyüdü. Bu arzular içində heç özü də bilmirdi ki, məhz onun iştirak etdiyi Azərbaycan Ordusu bu qələbəni qazanacaq. Bayram hər zaman məni və bacısını düşünüb.


Əsgərliyə gedəndən cəmi bircə dəfə evə gəlmişdi. Onda da bacısının toyu idi. Həyatdan əlimi üzəndə, gücüm, səbrim tükənəndə, mənə qol-qanad, sabaha ümid oldu. Bayramın müharibəyə getdiyini, savaşa qatıldığını şəhid xəbəri gələnə qədər bilməmişik. Vətən Müharibəsində döyüşün, odun-alovun içində olan balam fürsət tapan kimi bizimlə əlaqəsaxlayırdı. Biz müharibə getdiyini deyib narahatlığımızı çatdıranda, bildirirdi ki, Bakıdadır, təlimlərdə iştirak edir. Narahat olmayaq deyə, bildirmirdi ki, müharibədədir.


 Şəhid olandan sonra döyüş yoldaşları mənə bildirmişdilər ki, Bayram ilk günlərdən müharibəyə qatılıb, şəhidlik zirvəsinə ucalana qədər də ermənilərə qarşı vuruşub. Döyüş yoldaşları da oğlumdan çox razılıq edirdilər. Oğlumun ürəklə döyüşdüyünü, erməni hərbçilərini, onların texnikalarını məhv etdiyini deyirdilər. Hətta özünün həyatını təhlükəyə ataraq yaralı əsgər yoldaşlarını güllə, mərmi yağışı altından, döyüş meydanından çıxardığını söyləyirdilər. 19 yaşlı balam qalib ordunun qəhrəmanlarından biri oldu. Bala acısı ağırdır, lakin torpaqlarımızın işğaldan azad olunduğunu, oğlumun Allah yanında müqəddəs bir mərtəbəyə - Şəhidlik zirvəsinə ucaldığını düşünəndə, bayrağımızın yüksəkliklərdə, o cümlədən Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda dalğalandığını görəndə təskinlik tapıram. Məğrur dayanıram. Çünki mənim oğlum qəhrəmandır!”.


Belə qəhrəmanlar, belə oğullar gənclərə, gələcək nəsillərə örnəkdirlər. Vətəndaş cəmiyyətində belə qəhrəmanların təbliği yetişən gəncliyin nümunəvi davranışına, vətənpərvər ruhda yetişməsinə böyük stimuldu. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Əli


Yazı Türk Ağsaqqalları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.



  • 20-10-2023, 17:18