AZ   |   RU
Milli Məclisin komitəsi Niderland parlamentinin qərəzli sənədlərini qınayıb


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2023-cü il oktyabrın 12-də Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının qərəzli və obyektivlikdən uzaq tövsiyə sənədləri qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.


Missiya.Az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatında bildirilib.

Qeyd olunub ki, sözügedən sənədlərdə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb.

Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilib. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi gözardı edilib. Həmçinin Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılıb.

“Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - deyə bəyanatda vurğulanıb.



  • 18-10-2023, 20:17