AZ   |   RU
Ermənistan Müdafiə Nazirliyində kütləvi istefaların səbəbi

 

Ermənistanda Nikol Paşinyanın müvafiq əmri ilə Arşak Karapetyanın müdafiə nazirinin birinci müavini təyin olunmasından sonra nazirlikdə vəzifəli şəxslər kütləvi şəkildə istefa verirlər. 


Missiya.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” öz mənbələrinə istinadən xəbər yayıb.
 
Saytın iddiasına görə, hələ  vəzifəyə təyin olunmamışdan əvvəl Karapetyan ilə   müdafiə nazirliyinin bəzi şöbələrinin rəhbərləri aralarasında xoşagəlməz hadisələr baş vermiş,  gərginlik yaşanmış, hətta Karapetyan söyüş və şəxsi təhqirlərə məruz qalmışdır.  
 
Bu səbəbdən Karapetyan vəzifəyə təyin olunduqdan sonra keçmişdə onunla yola getməyən şəxslər istefaya göndəriləcəkləri günü gözləmədən özləri nazirlikdəki vəzifələrindən istefa verirlər.   
 
Saytın öz mənbələrindən əldə etdiyi məlumata görə, artıq Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri istefa verib. İstefa verənlər sırasında əsaslı tikinti şöbəsinin müdiri, Kadr və Hərbi-Təhsil Siyasəti Baş İdarəsinin rəisi, Hüquq şöbəsinin müdiri və nazirliyə tabe olan bir sıra strukturların rəhbərləri var. 
 
Qeyd edək ki, Arşak Karapetyan 2016-cı ilin aprelində baş vermiş döyüş əməliyyatlarından sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılmışdı. Nikol Paşinyan  hakimiyyətə gəldikdən sonra 2018-ci ilin 17 dekabrında isə onu özünə müşavir təyin etmişdi. Baş nazir Nikol Paşinyanın qərarı ilə Karapetyan 2021-ci  20 iyul tarixində Müdafiə nazirinin birinci müavini təyin olunub  və elə həmin gündən istefa vermiş Müdafiə Naziri Vaqarşak Harutyunyanın səlahiyyətlərini icra edir. 


İnam
Missiya.Az​​​

  • 23-07-2021, 14:47