AZ   |   RU
“Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik!” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


15 oktyabr 2023-cü il, tariximizin ən şanlı səhifələrindən sayılan tarixi bir gün. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı Ağdərədə, Xocalıda, Əskəranda, Xocavənddə və Xankəndi şəhərində qaldırdı, ulu babalarımızdan bizlərə yadigar qalan qəhrəmanlıq və rəşadət simvolumuz, minlərlə can uğrunda qurban olan üçrəngli bayrağımız artıq Qarabağın bütün yerlərində dalğalanır.


Neçə illik həsrətimizə son qoyuldu, yuxularımız çin oldu, bəlkə də kimlərəsə əlçatmaz olan hadisə reallığa çevrildi.Məhz bu tarixdə ermənilərin sərsəm xülyalarının, “dənizdən-dənizə” sevdasının üstündən birdəfəlik xətt çəkildi, özü də bu qara xətti qalib Azərbaycan, onun qüdrətli Lideri, Ali Rəhbəri, Böyük Sərkərdəsi və yenilməz Ordumuz çəkdi.


Necə də qürurverici anlar yaşayırıq, düşmənin şər yuvası dağıdıldı, diz çökdü, dəmir yumruğun zərbəsindən pərən-pərən düşdü. Xankəndinin mərkəzi meydanında qalib ölkənin bayağı dalğalanır və onun önündə Zəfər səlnaməsinin memarı və komandanı möhtərəm Prezidentimiz qürurla, məğrurcasına çıxış edir, xalqımızı təbrik edir, dünyaya, erməni havadarlarına, revanşist qüvvələrə mesajlar göndərir.


Prezident İlham Əliyev: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.


Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.15 oktyabr 2003-cü idə xalqımızın böyük dəstəyi ilə Prezident seçilən cəna İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanımızı inkişaf etdirdi, əməlləri, fəaliyyəti, qorxmazlığı, qətiyyəti, böyük sərkərdəlik qabiliyyəti və ən başlıca Vətən sevgisi ilə bütün azərbaycanlıların sevimli Prezidenti oldu, 20 illik fəaliyyətinin hər anını yalnız və yalnız Vətənimizn azadlığı və torpaqlarımızın mənfur düşmən tapdağından xilas olmasına sərf etdi.


 Bu illər ərzində cənab İlham Əliyev təkbaşına mübarizə apararaq böyük güclərin erməni sevgisini puça çıxardı, xalqına arxalanan və xalqının sevgisindən ruhlanan Vətən Oğlu böyük xarüqələr yaratdı, xalqa inamını qaytardı, milli heysiyyatımıza vurulan yaraları sağaltdı, bükülən belimizi, əyilən boynumuzu dirçəltdi, bizi qalib Xalq etdi, şərəfimizi, şöhrətimizi özümüzə qaytardı,30 illik yurd həsrətinə son qoydu. 


15 oktyabr 2003-cü il – 15 oktyabr 2023-cü il düz 20 illik bir tarix, tam qələbəyə gedən yol, hər anı, hər ili xalqımız üçün şərəf səhifəsidir. 2023-cü il Xankəndidə qələbə bayrağımız dalğalanır, “Heydər Əliyev İli”ndə keçirilən bütün tədbirlərin ən ali zirvəsində məhz bu tədbir – Xankəndidə üçrəngli bayrağımızın ucaldılması dayanır. Bu, eyni zamanda Ümummilli Liderimizin əziz xatirəsinə böyük ehtiramın göstəricisidir. Bu gün Heydər Əliyevin ruhu şaddır, eləcə də Qarabağın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhları şaddır. 


Prezident İlham Əliyev: “Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir”


15 oktyabr 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bir vaxtda 100 il bundan öncə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti tarixin arxivinə göndərildi, tarix səhnəsindən birdəfəlik silindi, qondarma rejimin saxta “əski parçası” ayaqlar altına atıldı.


“Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik”- bu fikirləri Prezident İlham Əliyev öz tarixi çıxışında söyləyib.


Qürurverici sözlər, tarixi qələbəmizin son akkordları, milli mənliyimizin və kimliyimizin təsviri, xalqımızın fəadakarlığı – bir sözlə qalibiyyətimizin təcəssümü!


15 oktyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltmaqla Azərbaycanın bu prosesdə qələbəsini tam təmin etdi.


Yaşa, var ol, Cənab Prezident!

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!


Bəhman Hüseynov 
Nizami Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini




  • 16-10-2023, 17:19