AZ   |   RU
Heç zaman unudulmayacaq Elnur Əşrəfoğlu - Bayram Məmmədov yazır


2021-ci ilə kimi Azərbaycan Cüdo Federasiyasında Baş katibin müavini olub. Futbolu bildiyi səviyyədə cüdonun da incəliklərinə bələd idi Elnur Əşrəfoğlu. Cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov Elnurun idman jurnalistindən daha çox idman mütəxəssisi kimi formalaşdığını deyir, həm də onun yoxluğuna qədərsiz təəssüflə deyir. Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli deyir ki, 2008-ci ildə Pekində Olimpiya çempionu olduğuma nə qədər sevindimsə, final görüşündə Elnur hazırladığı reportajda "Qələbə!" harayıyla milyonları necə sevindirdiyinə də elə sevindim. Elnur Əşrəfoğlu sevinməyi də bacarırdı, sevindirməyi də...


Elnur Azərbaycan televiziyasının 2-ci proqramı yarananda proqramın rəhbərinə - tanınmış tele-jurnalist, televiziya mütəxəssisi Telli Pənahqızı onu dinləyib, təkliflərini - jurnalistin planlarını ("Sport daycest" adlı veriliş hazırlamaq istədiyini) bildirib. Telli Pənahqızı bu gözəl niyyətin həyata keçirilməsinin cəfakeşi olub. İkinci proqram bağlanana kimi Elnur Əşrəfoğlu bu verilişin müəllifi və aparıcısı oldu...

Elnurun sadəliyini, savadını, bilmədiklərini öyrənmək və mənimsəyib gerçəkləşdirmək bacarığını dostları heç vaxt unutmur...

Elnur Əşrəfoğlu idman jurnalisti idi. Ona inanırdılar, ona etimad göstərirdilər. 1995-ci ildə Azərbaycanın futbol komandası İsraildə oyuna getmişdi. O oyundan canlı reportaj aparmağı futbol şərhçisi, idman jurnalisti Elnur Əşrəfoğluna həvalə etdilər. Bu, ilk idi. İlklər isə heç zaman unudulmur. Nə oyun, nə oyunçular, nə də şərhçi...

İstedadlı və bacarıqlı jurnalist Elnur Əşrəfoğlu yeddi dəfə Yay Olimpiya Oyunlarının  açılış mərasimində iştirak edib: Atlanta. Sidney, Afina, Pekin, London, Rio və Tokio. Sonuncu dəfə 2021-ci ilin iyulunda Tokio Olimpiya Oyunlarında iştirak etdi.

 Azərbaycanın idman salnaməsini idmançılar yaradırdı, onu efirdə idman jurnalistləri tarixləşdirirdi. Verilişlərdən fərqli olaraq sənədli filmlər daha həssas, daha duyğusal yaradıcılıq tələb edir. Elnur Əşrəfoğlu belə yaradıcılığa malik idman jurnalisti olub. Canlı reportajlar aparıb, reportajların mahiyyətini bir sənədli filmdə cəmləşdirməyi bacarıb. "Zirvəyə doğru", "Sidney - 2000", "Afina - 2004", "Pekin Zirvələri", "Milli Olimpiya Komitəsi - 10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük Hokkey", "Sehrbaz", ... kimi sənədli filmlərin yaradılmasında Elnurun da böyük xidmətləri olub.

Elnuru tanıyanlar, tarixi unutmayanlar, bir faktı xatırladır: Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin o vaxtkı sədri Nizami Xudiyev bir dəfə geniş iclasda deyib: Elnur təkbaşına öz "Sport daycest"i ilə bütöv bir şöbənin işini görür. Böyük dəyərdir. Bu dəyər Elnurun yoxluğunda onu tanıyanları da insafsızcasına kövrəldir...

Futbolu sevə-sevə futbol şərhçisi olmuşdu. Cüdonu sevə-sevə cüdo şərhçisi, insanları sevə-sevə insanlıq cəfakeşi...

İncə zarafatları sevən, kimsənin heysiyyətinin üstündə yel əsdirməyən, kimsənin xətrinə dəyməyən, etirazını da dostyanalıqla bildirən Əşrəf oğlu Elnur təkcə xatirələrdə qalmadı, həm də tarixdə qaldı. Tarixdə qalan verilişləriylə, sənədli filmləriylə, reportajlarıyla. Nə vaxtsa Zəngilanda inşa ediləcək Olimpiya Kompleksində keçiriləcək beynəlxalq yarışdan reportaj aparan jurnalist onu idman jurnalisti Elnur Əşrəfoğlunun xatirəsinə həsr etdiyini bildirəcək. Onda Kompleks ləngərlənəcək. Elnur Əşrəfoğlu ad-soyadı heç zaman unudulmayacaq axı, heç zaman, heç zaman...



  • 14-10-2023, 17:14