AZ   |   RU
Məğrur və mərd Vətən oğlu - Şəhid Elvin Əliyev

 
Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemlərdən biri idi . İstər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı  Azərbaycanın igid, mərd övladları qəhrəmanlıq göstərərək ali məqsəd uğrunda şəhidlik zirvəsini fəth etdilər.Vətən torpaqları - Qarabağımız addım-addım, qarış-qarış şəhid qanı ilə öz azadlığına qovuşdu. Antiterror əməliyyatı zamanı ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olan mərd oğullarımızdan biri də Tovuz rayonunun Azaflı kəndindən olan kapitan Əliyev Elvin Gülməmməd oğludur. 1990 cı il martın 1-də bu kəntdə doğulan şəhid 2009 - cu ildə orta məktəbi bitirərək Ali Hərbi Məktəbə qəbul olunmuş, 2013 - cü ildə həmin məktəbi bitirmişdir. Elvin Əliyev 44 günlük Vətən müharibəsində bütün istiqamətlər üzrə döyüşüb, Cəbrayılın, Füzulinin azad edilməsi və İgidliyə görə medalları ilə təltif olunub. 2023 - cü il   sentyabrın 19-u  Ağdərə istiqamətində gedən antiterror əməliyyatında qəhrəmancasına şəhid olub. 

Özündən yaşca böyük iki qardaşı olan Elvin Əliyev ailənin balaca oğul övladı idi. Hər zaman vətənpərvər, düşüncəli söhbətləri ilə həm ailədə, həm də hərbçi yoldaşları arasında da böyük hörmət qazanmışdı. Şəhidin dostu Nurlan Nəsirov deyir ki, ” Elvin Əliyev çox ağıllı, dostcanlı, qayğıkeş, vətənini sevən oğlan idi. O, Vətən müharibəsində də şücaətlə döyüşmüş, cəsur döyüşçü kimi adına şöhrət gətirmişdi. Onun ən ali xüsusiyyətlərindən biri də canında, qanında, düşüncəsində, əməllərində azərbaycançılıq ruhunu daşıması idi. Məhz bu yolda da şəhid oldu. Müqəddəs sərhədlərimizi tez - tez pozan işğalçılar çox yaxşı bilirdilər ki, onun keşiyində dayanan Elvin kimi igid övladlarımız var. Onun şəhidliyi bu həqiqəti bir daha sübut etdi. Onun yeri həmişə aramızda görünəcək. Yoxluğu hər zaman ürəyimizi yandıracaq. Elvin Vətən yolunda şəhid oldu”. 


Təsadüfi deyil ki, dahi Sədi Şirazi Vətəndən söz düşəndə deyib: 

Döyüş meydanında can versə insan

Xoşdur, namərdliklə qoyub qaçmaqdan. 

Məhz elə, şəhid Elvin Əliyev də xəyallarının ardınca getməyi, vətənini, torpağını qorumağı hər şeydən üstün bilərək, vətən torpağı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucaldı. Şəhidimizin 7 aylıq övladı Vətənə əmanətdir.

Bəli, şəhid adı ucadan-uca addır, Vətənpərvərlik, cəsurluq, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Bu zirvədə torpaq, xalq üçün canından keçən cəsur, qəhrəman, igid oğullarımız dayanır. Vətənpərvərliyin ən ali məqamına – şəhidlik zirvəsinə yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Bu gün qürurumuz olan şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı  fəxr edir. Bizim hər birimiz igid və mərd oğullarımızı yaxından tanımalı, onların əziz xatirəsini daim yad etməliyik. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq.


Nurlana Əhmədova
Missiya.Az



  • 6-10-2023, 18:24