
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazası bu gün səhər saatlarından etibarən təlimlərin keçirilməsinə start verib. Bu barədə Gümrü meriyası şəhər sakinlərinə 102-ci bazada keçiriləcək təlimlərlə bağlı xəbərdarlıq edib. Qeyd olunur ki, oktyabrın 4-də saat 09:30-dan 16:30-dək bazanın poliqonunda təlimlər keçiriləcək, şəhərdə atışma səsləri eşidilə bilər.
Rusiya Gümrü şəhərində yerləşən hərbi bazasında bu cür təlimləri ilk dəfə deyil keçirir. Ancaq ötən gün Ermənistan parlamentində Rusiya prezidenti Vladimir Putinin həbsinə əsas verən “Roma statu”nun qəbul edilməsindən sonra bu gün baş tutan təlim heçdə təsadüfi deyil. Görünən odur ki, Moska Gümrüdə yerləşən hərbi bazasında təlimlər keçirməklə İrəvana mesaj verir.
Çox ehtimal ki, Rusiya bundan sonra həmin bazadakı təlimlərinin sayını və texnikasının effektliyini artıracaq. Çünki Moskva da anlayır ki, Ermənistan baş naziri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq elə də güclü riçarxlara malik deyil. Moksva yaxşı bilir ki, Paşinyanı aksiyalar vasitəsilə hakimiyyətdən uzaqlaşdıra bilməyəcək. Buna missal olaraq, 44 günlük müharibə və Azərbaycanın bir neçə gün bundan öncə apardığı antitteror əməliyyatından sonra ölkədə keçirilən aksiyalar Paşinyanın hakimiyyətdən getməsinə təkan verəcək gücə malik deyildi.
Moskvanın hazırda İrəvana təzyiq etmək üçün əsas silahı Gümrü bazasıdır. Qeyd edək ki, bir müddət öncə KİV-də Rusiyanın Ermənistana hakimiyyət dəyişikliyi üçün “Vaqner” muzduların bir hissəsinin göndərildiyi barədə məlumatlar yayılmışdı. Ancaq Rusiya rəsmiləri isə bunun gerçəkliyi ifadə etmədiyini bildirmişdilər.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası, 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalan dövlətlərarası müqaviləyə uyğun olaraq Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir.
Daşqın Həsənov
Missiya.Az