AZ   |   RU
Astronavtika Konqresi, ermənilərin isterik tərzi və qlobal inkişafa Bakının verdiyi töhfələr


Azərbaycanda səma cisimlərinin və ümumiyyətlə, kosmik aləmin öyrənilməsinin tarixi kökləri var. Qobustan gəmiqaya rəsmləri, eləcə də arxeoloji abidələr və qazıntılar zamanı üzə çıxarılan nümunələr də bu dediyimizi təsdiqləyir. Təsadüfi deyil ki, Marağa rəsədxanası və onun banisi Nəsrəddin Tusinin elmi nailiyyətləri dünya astronomiyasının inkişafında özünəməxsus yer tutub. Bu gün isə sevindirici hallardan biri də odur ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi isə sözsüz ki, böyük əhəmiyyət daşıyır. Bu il oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak üçün Azərbaycana 20-dən çox astronavt səfər edib. ABŞ, Almaniya, Avstriya, Rusiya, Kanada, İtaliya, Yaponiya və digər ölkələrdən gələn astronavtlar üçün xüsusi proqram hazırlanıb. Onu da qeyd edək ki, əvvəlki konqreslərdən fərqli olaraq, Bakı Konqresinə 95 ölkədən kosmos sahəsində fəaliyyət göstərən elm və tədqiqatçılar tərəfindən 3600 elmi məqalə təqdim olunub. Bununla Bakı Konqresi Paris , Vaşinqton və Bremen konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Bəli, Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiyasına təkan verəcəkdir. Təsadüfi deyil ki, Konqresin açılışında Ölkə başçımız  deyib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.

Bu gün bütün dünyanın marağı Azərbaycana yönəlib. Bunu gözü götürməyən isə düşmən ölkə Ermənistandır. Bir tərəfdən məğlub olmaları,bir tərəfdən  də belə bir mötəbər konqresin Azərbaycanda keçirilməsi erməniləri qısqanclığın dibinə sürükləyib.Dünyanın aparıcı ölkələrinin Bakı Konqresinə göstərdiyi maraq, ermənilərin dövlətimizə qarşı apardığı süni kampaniyalar fonunda bir gerçəkliyin də üzərinə işıq salır: Ermənilərin hay-küyünə, şivən xarakterli aksiyalarına baxmayaraq, dünya əslində kimin yanında olduğunu nümayiş etdirir. Burada da əslində təəccüblü heç nə yoxdur. Çünki söhbət Azərbaycandan gedirsə, demək ki, mövzu inkişafdır, qlobal çağırışların dəstəklənməsidir.

Dünyanın hansı nöqtəsindən baxırsansa bax, Azərbaycanın  durmadan inkişafı, beynəlxalq əməkdaşlığa böyük töhfələr verməsi göz qamaşdırır. Bir tərəfdə isə Ermənistanın zəhlətökən isterik tərzi, dünyanı özünə borclu çıxarmaq cəhdləri...

Eyni zamanda, bu konqres minlərlə xarici qonağın neçə ildən sonra işğal altında qalmış torpaqlarını erməni əsarətindən xilas edən Azərbaycan dövlətinin sürətli inkişafını, milli mədəniyyətini, xalqımızın qonaqpərvərliyini yaxından görməsi üçün nadir bir imkandır.  

Bir sözlə, Azərbaycan bir sıra regional və qlobal miqyaslı layihələrin iştirakçısı və təşəbbüskarı olmaqla şöhrətini birə-beş artırıb.

Nurlana Əhmədova
Missiya.Az



  • 2-10-2023, 15:44