Oktyabrın 1-də Bakıda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısı öz işinə başlayıb.
Missiya.Az xəbər verir ki, “Kosmik həllərin siyasi gündəmə daxil edilməsi – siyasətçilər üçün vacibdir” mövzusunda keçirilən tədbirə Azərbaycan Milli Məclisi ev sahibliyi edir. Toplantıda Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri və digər şəxslər iştirak edirlər.
Tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparacaqlar. Birinci panel “İctimai xidmətlərin təkmilləşdirilməsində kosmik həllər”, ikinci panel “Fəlakətlər və risk üçün kosmik həllər”, üçüncü panel isə “Resursların idarə edilməsində kosmik həllər” adlanır.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.
Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.
Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.
Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.