“Hazırda arıqladıcı vasitələr həddindən artıq çox yayılıb. Arıqladıcı vasitələr, müəyyən preparatlar və çaylar var ki, aramsız və geniş reklamlara görə insanların marağına səbəb olur. Nəticədə artıq çəkidən əziyyət çəkənlər xilasın az qala bu vasitələrdə olduğunu düşünürlər. Bunlar da birbaşa ürək-damar sisteminə, bağırsağın selikli qişasına, bədəndə mineralların yuyulmasına təsir göstərir”.
Bu sözləri Missiya.Az-a millət vəkili Qənirə Paşayevanın ölümünə səbəb olan iddialarla ilə bağlı açıqlamasında DTX Hospitalın həkim-dietoloqu Şəfa Yadigarova söyləyib.
O bildirib ki, bədəndə minerallar yuyulduqda ürəkdə (maqnezium-kalsium) nasos pozulur və o balans pozulduqda təzyiq düşür.
“Bu səbəbdən insanlar reanimasiyaya, komaya düşürlər, bir çox fəsadları olur, hətta ölümlə də nəticələnə bilir. Sağlam qidalanma ilə hər xəstəliyi müalicə etmək olur. İstər ürək-damar xəstəliyi, istər şəkərli diabet, oynaq problemi və s. Lakin bunu vaxtında etmək lazımdır. Heç vaxt pəhriz qidalarına, arıqladıcı vasitələrə, çaylara hə deməmişəm, demərəm də. Sadəcə olaraq arıqlamaq istəyənlər üçün bir yol var, öncədən xəstəlikləri araşdırmaq, müalicə edərək düzgün, sağlam qidalanma tərtib etmək”.
Leyla SƏMƏNDƏR
Missiya.Az