
ABŞ Maliyyə Nazirliyi BƏƏ, Türkiyə, Honq-Konq və İranda yerləşən iki şəxsə və beş şirkətə İnqilab Keşikçilərinə pilotsuz uçan aparatların istehsalı üçün lazım olan həssas hissələrin alınmasına yardım etdiklərinə görə sanksiya tətbiq edib.
Missiya.Az "Guney AZfront" teleqram kanalına istinadən xəbər verir ki, 27 sentyabr 2023-cü il ABŞ Maliyyə Nazirliyinin dərc edilən hesabatında "Honq Konq Himark Elektron Modeli"nin direktoru Fan Yang və İsfahanda yerləşən "Pishgam Electronics" şirkətinin baş direktoru Həmidrza Canqurbani Birləşmiş Ştatlar tərəfindən qara siyahıya salındığı bildirilib.
Nazirlik adıçəkilən iki şəxsə və beş şirkətə qarşı sanksiyalar tətbiq edərək onları “İrana pilotsuz təyyarələrin hissələrinin tədarükü və çatdırılması şəbəkəsi” kimi tanıyıb və yenidən Tehranı Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərməkdə ittiham edib.
"İran istehsalı olan pilotsuz təyyarələr hələ də Rusiya üçün Ukrayna vətəndaşlarına və infrastruktura qarşı hücumlarında əsas vasitədir", - ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson qeyd edib.