AZ   |   RU
Paşinyan Qarabağ ermənilərini qəbul etməkdən imtina etdi - "Yalnız o halda ola bilər ki..."

“Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər"


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclası zamanı deyib. 


"Qarabağdan Ermənistana soydaşlarımızın mümkün köçürülməsi ilə bağlı mövqeyimiz belədir. Bu, onların öz evlərində yaşamasının qeyri-mümkün olacağı müəyyən edilən zaman baş verəcək. Vəziyyət düzəlməsə, o zaman bu problem bizim gündəmimizdə olacaq. Hələlik bu məsələ aktual deyil”, - deyə siyasətçi vurğulayıb.


Paşinyan bildirib ki, ermənilərin Qarabağdan köçməsi Ermənistan hökuməti üçün A planı deyil, əksinə, hər şey edilməlidir ki, onlar öz evlərində qorxusuz və təhlükəsiz yaşaya bilsinlər. 


Qeyd edək ki, Rəsmi İrəvan Qarabağ ermənilərinin "ana vətən" adlandırdıqları Ermənistana kütləvi köç edəcəyi təqdirdə onsuz da acınacaqlı olan ölkə iqtisadiyyatının tamamilə çökəcəyini yaxşı dərk edirlər. Paşinyanın sözügedən mövqeyi də bilavasitə həmin narahatlıqdan irəli gəlir. Məlumdur ki, bu gün Ermənistanda ağır sosial vəziyyət hökm sürür, hökümət elementar kiçik həcmli müavinətləri belə ödəməkdə çətinlik çəkir. Odur ki, belə bir şəraitdə Qarabağ ermənilərinin də Ermənistana köç etməsi hökümət üçün arzuolunan deyil. Deməli, Ermənistan höküməti də ermənilərin Qarabağda qalıb Azərbaycan qanunları altında yaşamasında maraqlı olmalı və öz növbələrində bu istiqamətdə səylərini artırmalıdır. Eyni zamanda, Qarabağ erməniləri də Ermənistanın ağır sosial-iqtisadi vəziyyətini nəzərə alıb onları İrəvanda firavan həyat gözləmədiyini dərk etməlidirlər. Xilas ancaq Azərbaycandadır.

 



Daşqın Həsənov
Missiya.Az



  • 22-09-2023, 11:20